KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsinə başlanılıb (FOTO)

Bakı. Trend:

KOB-ların onlayn platformaların və qurğuların
hazırlanması, qadın sahibkarlığının inkişafı, tədqiqat işlərinin
aparılması istiqamətlərini əhatə edən 13 layihəsinin
maliyyələşdirilməsinə 260 min manata yaxın vəsait
ayrılacaq.

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm,
tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsi
üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən
elan edilmiş 3-cü qrant müsabiqəsi üzrə qalib layihələrin
maliyyələşdirilməsinə başlanılıb.

KOBİA-dan Trend-ə bildirilib ki, layihələr müxtəlif sahələr üzrə
onlayn platformaların və qurğuların hazırlanması, qadın
sahibkarlığının inkişafı, KOB-ların faydalanması üçün tədqiqat
işlərinin aparılması istiqamətlərini əhatə edir. Qalib layihələrin
hər biri maksimum 20 min manat həcmində maliyyələşdiriləcəkdir.

Martın 16-da KOBİA-nın təşkilatçılığı ilə “Bakı KOB evi”ndə
müsabiqə qalibləri ilə görüş keçirilib, onlarla layihələrinin
maliyyələşdirilməsinə dair müqavilələr imzalanıb.

Üçüncü qrant müsabiqəsinin qaliblərini təbrik edən KOBİA-nın
İdarə Heyətinin sədri Orxan Məmmədov müsabiqənin KOB-ların
layihələrinin maliyyələşdirilməsinə dəstək məqsədilə keçirildiyini
və müsabiqəyə 234 layihənin təqdim olunduğunu bildirib. Qeyd olunub
ki, müxtəlif qurumların nümayəndələrinin təmsil olunduğu Ekspert
Komissiyasının kollegial qərarına uyğun olaraq 13 layihənin
maliyyələşdirilməsi barədə qərar qəbul olunub. Bu layihələrin
maliyyələşdirilməsinə təqribən 260 min manat vəsaitin ayrılması
nəzərdə tutulur. Müvafiq vəsait yaxın günlərdə qalib KOB-ların bank
hesablarına köçürüləcək. Birinci və ikinci qrant müsabiqələrində
isə 26 KOB subyektinin layihəsi təqribən 500 min manat məbləğində
maliyyələşdirilib.

Orxan Məmmədov qeyd edib ki, Agentlik maliyyələşdirilmiş
layihələrin davamlı və KOB-lar üçün faydalı olmasında maraqlıdır.
KOBİA tərəfindən layihələrin icrasına və ödənilən vəsaitin təyinatı
üzrə istifadə edilməsinə nəzarət olunur. Şəffaflığın və
hesabatlığın təmin edilməsi məqsədilə monitorinqlər aparılır və
layihələrin icrası prosesi barədə ictimaiyyət mütəmadi olaraq
məlumatlandırılır.

Tədbir çərçivəsində həmçinin, ikinci qrant müsabiqəsi
çərçivəsində layihələri maliyyələşdirilmiş sahibkarların məhsul və
xidmətlərindən ibarət kiçik sərgi təşkil olunub.

Qeyd: Mikro, kiçik və orta sahibkarlıq
subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin
maliyyələşdirilməsi üçün elan edilmiş 3-cü qrant müsabiqəsinə sənəd
qəbulu 15 noyabr – 14 dekabr 2022-ci il tarixlərində, layihələrin
ekspertizası və qiymətləndirilməsi isə 16 dekabr 2022-ci il – 10
fevral 2023-cü tarixlərində həyata keçirilib. Ekspert Komissiyası
tərəfindən layihələrin qiymətləndirilməsi zamanı müvafiq meyarlara
uyğun olaraq, onun mikro, kiçik və orta sahibkarlığın inkişafına
təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki
məqsədlər üçün tətbiq imkanları, layihənin icrası üçün lazımi
təcrübənin və maddi-texniki bazanın mövcudluğu və digər bu kimi
amillər əsas götürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir