
KOBİA-nın fəaliyyətinin əsas istiqamətlərindən biri əlverişli biznes mühitinin dəstəklənməsidir – Orxan Məmmədov
Bakı. Trend:
KOBİA-nın strateji fəaliyyətinin əsas istiqamətlərindən biri
ölkədə əlverişli biznes mühitinin inkişafının dəstəklənməsidir.
Trend-in məlumatına görə, bunu bu gün KOBİA İdarə Heyətinin
sədri Orxan Məmmədov Bakıda keçirilən Korrupsiyaya qarşı mübarizə
idarəetmə sistemi üzrə seminarda deyib.
O.Məmmədov bildirib ki, seminar mühüm və əhəmiyyətli məsələləri
özündə ehtiva edir. Məlumdur ki, şəffaflığın təmin edilməsi, bu
xüsusda korrupsiya ilə əlaqəli halların qarşısının alınması biznes
mühitinin inkişafını şərtləndirən vacib yanaşmadır.
“Əlbəttə, ölkə səviyyəsində korrupsiyaya və onun bütün
təzahürlərinə qarşı mübarizə daim diqqət mərkəzindədir. Bu məqsədlə
Azərbaycanda institusional, təşkilati və hüquqi çərçivələrdə
müxtəlif tədbirlər həyata keçirilir, mütərəqqi təcrübələr əsasında
qanunvericilik sistemi formlaşdırılıb. Lakin problemin daha
effektiv həll edilməsi üçün hər bir təşkilat korrupsiyaya qarşı
mübarizə tədbirlərinə pro-aktiv töhfələr verməlidir. Bu baxımdan,
Korrupsiyaya qarşı mübarizə idarəetmə sistemi üzrə beynəlxalq
standartın tətbiqi həm dövlət, həm də özəl sektorda fəaliyyətlərin
təkmilləşdirilməsi və risk idarəetmə sisteminin formalaşdırılması
üçün əhəmiyyətli alət hesab edilə bilər.
KOBİA-nın strateji fəaliyyətinin əsas istiqamətlərindən biri
ölkədə əlverişli biznes mühitinin inkişafının dəstəklənməsidir.
Davamlı anti-korrupsiya mühitinin formalaşması təkcə bizneslərin
inkişafı deyil, ölkəyə xarici investisiyaların cəlb edilməsi, onun
beynəlxalq səviyyədə müsbət nüfuzunun qorunması və dayanıqlı
inkişafın təmin edilməsi baxımından da əhəmiyyətlidir.
KOBİA bu məqsədlə müxtəlif istiqamətlərdə çoxşaxəli fəaliyyət
göstərir.
Bizneslərdə mütərəqqi korporativ idarəetmə sisteminin inkişaf
etdirilməsi ilə əlaqədar, qeyd etmək istərdim, Biznes mühiti və
beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibində fəaliyyət
göstərən korporativ idarəetmə və ESG ilə bağlı işçi qrupuna və
altqrupa KOBİA tərəfindən rəhbərlik edilir. Sözügedən fəaliyyət
çərçivəsində mütərəqqi risk idarəetmə təcrübələrinin və
sistemlərinin tətbiqinin genişləndirilməsi, bizneslərin bu sahədə
məlumatlıq səviyyəsinin artırılması və potensialının
gücləndirilməsi məqsədilə tədbirlər müəyyən edilərək aidiyyəti
qurumlar ilə birgə icra edilir. Eyni zamanda, Korrupsiya və
şəffaflıq işçi qrupu çərçivəsində antikorrupsiya, şəffaflıq, etik
davranış və hesabatlılıq üzrə tədbirlərin sahibkarlıq subyektlərinə
təşviq edilməsi KOBİA-ya həvalə olunmuşdur.
KOBİA həmçinin, ötən dövrdə İqtisadi Əməkdaşlıq və İnkişaf
Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya
Şəbəkəsinin 5-ci raund pilot qiymətləndirmə prosesində iştirak
etmişdir. Bu il də tərəfimizdən müvafiq sorğulara uyğun məlumatlar
təqdim edilmişdir.
KOBİA-nın fəaliyyət istiqamətlərinin yerlərdə həyata
keçirilməsinə cavabdeh olan KOB dostu mexanizmi vasitəsilə ölkə
sahibkarlarında korrupsiya anlayışları barədə təsəvvürü
formalaşdırmaq məqsədilə mütəmadi qaydada sorğular həyata
keçirilir. Keçirilən sorğular sahibkarların korrupsiyaya dair
məlumatlılıq dərəcəsini, o cümlədən biznes mühitində
anti-korrupsiya davranış qabiliyyəti səviyyəsini öyrənməyə
hesablanmışdır. Bununla yanaşı, aparılan sorğular həmçinin, KOB
subyektlərinin korrupsiya ilə əlaqəli maarifləndirməyə cəlb
edilməsi üçün təlim ehtiyaclarını müəyyən etməyə əlverişli şərait
yaradır.
KOBİA-nın strukturuna daxil olan KOB inkişaf mərkəzləri
tərəfindən biznes mühitində şəffaflıq və anti-korrupsiya təlimləri
təşkil olunur. Bu təlimlər sahibkarlara korrupsiya barədə tam və
hərtərəfli biliklərin aşılanmasına zəmin yaradır. Sözügedən
mexanizmi həmçinin, KOB subyektlərinin korrupsiyaya məruz
qalmalarının qarşısını almağa yönəlməkdən başqa, onların öz
fəaliyyətlərində bu kimi neqativ hallara yol verməmələrini təşviq
edir”.
O.Məmmədov deyib ki, Agentlik ölkədə KOB subyektlərinin
maraqlarının qorunmasında və problemlərinin həllində iştirak etmək
səlahiyyətinə malikdir. Sahibkarların hüquqlarının pozulması ilə
bağlı daxil olan şikayət xarakterli müraciətlər üzrə araşdırmalar
maraqların tərəflərin iştirakı ilə aparılır, hər bir müraciətin
icrasına fərdi qaydada yanaşılır. Bu səpkidə 2022-ci il ərzində 290
sahibkarlıq subyektinin pozulmuş hüquqlarının bərpası təmin
edilmişdir.
“Agentliyin KOB Evləri vasitəsilə biznes subyektlərinə dövlət və
özəl qurumlar tərəfindən göstərilən xidmətlərin vahid məkanda və
əlaqələndirilmiş formada çatdırılması təmin edilir. Burada əsas
məqsəd hər bir xidmətin sahibkar məmnunluğu təmin edilməklə
qanunauyğun, keyfiyyətli və şəffaf həyata keçirilməsidir. Ötən
müddət ərzində KOB evlərində göstərilmiş xidmətlərin məmnunluq
səviyyəsi 98% təşkil etmişdir. Hazırda Bakı ilə yanaşı, Xaçmaz və
Yevlax şəhərlərində də KOB evi fəaliyyət göstərir. Bu baxımdan,
bugünkü seminarın Bakı KOB Evində təşkil edilməsi də müəyyən rəmzi
çalarlar daşıya bilər.
Ümid edirəm ki, korrupsiyaya qarşı mübarizə idarəetmə sistemi
üzrə keçirilən seminar ölkəmizdə müvafiq beynəlxalq standartın
tətbiqinin genişləndirilməsinə və dövlətin həyata keçirdiyi
siyasətə öz töhfəsini verəcəkdir”, – agentlik sədri əlavə edib.