
Ötən il 290 sahibkarlıq subyektinin pozulmuş hüquqlarının bərpası təmin edilib – Orxan Məmmədov
Bakı. Trend:
2022-ci il ərzində 290 sahibkarlıq subyektinin pozulmuş
hüquqlarının bərpası təmin edilib.
Trend-in məlumatına görə,
bunu KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən
Korrupsiyaya qarşı mübarizə idarəetmə sistemi üzrə seminarda
deyib.
O.Məmmədov bildirib ki, agentlik ölkədə KOB subyektlərinin
maraqlarının qorunmasında və problemlərinin həllində iştirak etmək
səlahiyyətinə malikdir:
“Sahibkarların hüquqlarının pozulması ilə bağlı daxil olan
şikayət xarakterli müraciətlər üzrə araşdırmalar maraqların
tərəflərin iştirakı ilə aparılır, hər bir müraciətin icrasına fərdi
qaydada yanaşılır. Bu səpkidə 2022-ci il ərzində 290 sahibkarlıq
subyektinin pozulmuş hüquqlarının bərpası təmin edilmişdir.
Agentliyin KOB Evləri vasitəsilə biznes subyektlərinə dövlət və
özəl qurumlar tərəfindən göstərilən xidmətlərin vahid məkanda və
əlaqələndirilmiş formada çatdırılması təmin edilir. Burada əsas
məqsəd hər bir xidmətin sahibkar məmnunluğu təmin edilməklə
qanunauyğun, keyfiyyətli və şəffaf həyata keçirilməsidir. Ötən
müddət ərzində KOB evlərində göstərilmiş xidmətlərin məmnunluq
səviyyəsi 98% təşkil etmişdir. Hazırda Bakı ilə yanaşı, Xaçmaz və
Yevlax şəhərlərində də KOB evi fəaliyyət göstərir. Bu baxımdan,
bugünkü seminarın Bakı KOB Evində təşkil edilməsi də müəyyən rəmzi
çalarlar daşıya bilər” ,- Agentlik sədri əlavə edib.