Paris İslamı hədəfə seçərək özünü vurur
Bakı. Trend:
İslamofobiyanı az qala dövlət siyasətinə çevirən
rəsmi Paris hədəfə çatacağını düşünsə də, özü əməllərinin bundan
sonrakı fəsadlarının hədəfi olacaq.
…”Place de la Nation”, Parisin ən məşhur yolayrıclarından və
meydanlarından biri. Burada tez-tez islamofobiyaya və müsəlmanlara
irqçi münasibətə qarşı mitinqlər keçirilir.
Son mitinqdəki şüarlar fərqli idi, çünki Fransda islamofobiya,
antisemitizm və irqçilik kimi ictimai bəlalara yenisi,
“İslamofaşizm” əlavə olunub.
Təəccüblü heç nə yoxdur: belə də olmalı idi.
Hələ iki il əvvəl “Fransada islamofobiyaya qarşı kollektiv”
(“Collectif contre l’islamophobie en
France“) hərəkatının yasaqlandığı Parisdə
islamofobiya, müsəlmanların hüquqlarının pozulması adi hala
çevrilib.
Müsəlmanlara qarşı faşist mövqedən çıxış edənlərin
bəyanatlarında əcaib diskurs müşahidə olunur: Fransada ifrat
sağçılardan, radikal mühafizəkarlardan tutmuş, aşkar neonasistlərə
və zooloji millətçilərə qədər geniş müstəvidə olan qüvvələrin
fikrincə, neomüstəmləkəçiliyə, irqçiliyə və qadınların istismarına
qarşı çıxanların istisnasız olaraq hamısı ifrat solçularla
müsəlmanların “sintezi olan yeni cərəyan”dır.
Fransadakı müsəlmanların səbr kasası daşmaq üzrədir. Səbəb
ölkədə islamofobiyanı dözülməz, pik həddə çatmasıdır.
“Demokratik dəyərlərə sayğının
möhkəmləndirilməsi prinsipləri” qanunun qəbulundan
sonra isə Fransada islamofobiya faktiki olaraq
qanuniləşdirilib.
Dövlət səviyyəsində müşahidə edilən sistematik irqçilik və
islamofobiyanın belə “legitimləşdirilmə”sinin səbəbi rəsmi Parisin
ölkədəki müsəlman vətəndaşlardan çəkinməsi və onları qorxutmağa
çalışmasıdır.
Müsəlmanların hüquqlarını pozaraq onları rəsmi səviyyədə
alçaldan qanun müsəlmanların dini, sosial və mədəni fəaliyyətini
məhdudlaşdırmaqla yanaşı, onları “ikinci növ vətəndaşlar” sayır.
Eyni zamanda, sözügedən qanun ölkədəki istənilən müsəlmanın
yaşamının və fəaliyyətinin dövlət strukturları tərəfindən
izlənməsinə şərait yaradır. Birbaşa və yalnız müsəlmanlara qarşı
yönəlmiş sənəd Fransa vətəndaşlarını iki yerə ayırır:
Konstitusiyanın müəyyənləşdirdiyi bütün hüquqlardan və
azadlıqlardan istifadə edənlərlə belə hüquqları olmayanlar.
Məhz bu səbəbdən Avropa İttifaqının bir sıra ölkələrində olduğu
kimi, Fransada da islamofobiya, irqçilik və ksenofobiya artıq
ölkədəki bütün dini icmaların problemlərinə çevrilib.
Vəziyyət çox ciddidir: beynəlxalq təşkilatların son
hesabatlarına görə, əgər Avropa İttifaqı ölkələrində dini və irqi
zəmində ayrı-seçkilik həddi 47 faizə çatıbsa, Fransada bu rəqəm
54,2 faizə bərabərdir.
Fransada media və sosial şəbəkələr müsəlmanlara qarşı nifrət
açıqlamaları ilə doludur.
Baş verənlərin səbəblərini araşdırsaq, dörd əsas məqam ortaya
çıxır:
1. Fransada aparıcı siyasi qüvvələrin, medianın və
hakimiyyət strukturlarının dünyəvilik, tolerantlıq, demokratik
cəmiyyət və insan haqları ilə bağlı təsəvvürləri. Fransada
inqilabların əsas məqsədlərindən biri cəmiyyətlə dövlətin kilsə
təzyiqindən və kontrolundan azad edilməsi idi. Kilsənin avtokratiya
sayılması ilə bağlı mövqelər indi İslamın totalitar ideologiyanın
daşıyıcısı olması kimi absurd yanaşma tərzinə təkan verib.
2. Fransa hakimiyyətinin dünyəvilik və sekulyarlıq
anlayışı. Rəsmi Paris əmindir ki, müsəlman vətəndaşlar
üzərində total nəzarət əldə edilərsə, dünyəviliyin üzləşə biləcəyi
çağırışlar aradan qalxacaq. Məhz bu səbəbdən Qərb
ölkələrinin hamısından fərqli olaraq, Fransada dindar şəxsin dövlət
ierarxiyasında yüksək post tutması mümkün deyil. Başı hicablı və ya
əmmaməli şəxs isə Britaniya, Kanada, ABŞ, Almaniya və ya Belçikadan
fərqli olaraq, ümumiyyətlə, belə vəzifəyə ümid etməməlidir.
3. Fransanın müstəmləkə keçmişi və neomüstəmlkə
indisi. Əsrlər boyu istilada saxladığı ölkələri
metropoliya qismində istismar edən, müstəmləkəçilik siyasəti
yürüdən Paris indi neokolonializm strategiyasını reallaşdırır.
Tarix boyu müsəlmanlara divan tutmuş Paris indi ölkə əhalisinin 10
faizinin müsəlman olması ilə barışmır və barışmaq da istəmir. Halbuki,
ilk müsəlman mühacirlərdən fərqli olaraq, onların törəmələri
fransız dilini əla bilir və özlərini tamhüquqlu ölkə vətəndaşları
kimi görmək istəyirlər. Onlar qeyri-müsəlmanlarla bərabər hüquqlar
tələb etsələr də, gördükləri münasibət ayrı-seçkilik, təqiblər,
seqreqasiyadır.
4. Müsəlmanların “əlverişli” və “əlverişsiz” kimi iki
yerə bölünməsi. Fransanın dövlət siyasəti və rəsmi
qurumlarının taktikasında belə bölgü mövcuddur. Hərgah,
əvvəllər rəsmi Paris ölkədə radikal islamçılıq kimi dəyərləndirilə
biləcək istənilən çağırışı və ya əməli dərhal kriminallaşdırdısa,
indi artıq müsəlmanların əməlləri bir yana – fikirləri belə cinayət
sayıla bilər.
…Sadalananlar siyasi İslamla mübarizəni “leqallaşdıran”
olduqca təhlükəli məqamlardır. Rəsmi təbliğatın, kütləvi
informasiya vasitələrindəki propaqandanın məqsədi müsəlman olmayan
fransalılarda “müsəlmanlar demokratiya, dünyəvi dövlət,
Respublika ideyaları üçün real və potensial
təhlükədir” fikrinin yaradılmasıdır.
Nəticə faciəlidir: Fransada yaşayan müsəlmanların tam
əksəriyyəti ölkə vətəndaşları olsalar da, özlərini yad, bir çox
hallarda isə ikinci dərəcəli insanlar hiss edirlər.
İslama qarşı paranoyanın dövlət siyasətinə çevrilməkdə olduğu
Fransada dövlət başçısı Emmanuel Makronun tolerantlıq və
multikulturalizmdən çox danışmasına rəğmən, müsəlmanları təqib
edən, təhqirlərə məruz qoyan, hədələyən və hücumlar edənlərdən
kimsə adekvat məsuliyyətə cəlb edilməyib.
Tam əksinə, Fransada terrorizm artıq az qala İslamla
eyniləşdirilir, halbuki, terrorçunun dini olmur.
Fransada bir zamanlar bəyan edilən və sonra dövlətin devizinə
dönən “Azadlıq, Bərabərlik, Qardaşlıq!” (“Liberte, Egalite,
Fraternite!”) şüarını Makron hakimiyyəti arxaizmə döndərərək
gərəksiz söz yığınına çevirib.
Müsəlmanlar Fransada az qala hər əməldə – hətta
qeyri-heteronormativ və multikultural olmaqda – suçlanırlar. Halbuki, din nə
irq, nə etnos, nə də milli mənsubluq deyil.
Üstəlik, Fransada dövlətin təbliğ etdiyi sekulyarizm
(dünyəvilik) prinsipləri anormal olaraq müsəlmanlara qarşı düşmənçilik elementləri ilə
zəngindir.
“Laïcité“, yəni dünyəvilik,
sadəcə, inanc və din azadlığı yox, həm də insanın dinə münasibəti
və baxışlarıdır. Fransada bir zamanlar bu mövqe katolik kilsəsinə
qarşı hazırlansa da, dinə, xüsusilə də İslama antipatiya dövlət
siyasətində adi haldır.
Fransa Müsəlmanlarının İnancı Şurası (Conseil
Français du Culte Musulman, CFCM) son iki ildə ölkədə
92 məscidin qapandığını bəyan edib.
…Orta əsrlərdə Fransada katolik kilsəsi müsəlmanlarla
yəhudiləri “ikinci dərəcəli insanlar” elan edərək baş örtüklərinə
və minarələrə qarşı mübarizə aparırdı. İndisə “fransız mədəniyyəti
və dəyərlərinin İslamla uyğunlaşmadığı” barədə danışılır.
Yazıçı Toni Morrison demişkən, “məqsəd irqçilik və
dözülməzlikdirsə, səbəb mütləq tapılacaq”.
“Place de la Nation”da isə müsəlmanların mitinqləri davam
edir…