
Paşiyan əmri icra etdi: o, yeni müharibə istəyir
Bakı. Trend:
Ermənistanın baş naziri Nikol Paşinyan reallıq
hissini tamamən itirərək Rusiyanı və Azərbaycanı hədələyib, tam
irreal tələblər səsləndirib, yekun sülh sazişinin imzalanması
prosesinə çox ağır zərbə vurub. O, faktiki olaraq Ermənistanı yeni
müharibəyə sürükləmək niyyətini açıqlayıb.
Bu gün İrəvanda hökumətin iclasını çağıran Nikol Paşinyan
Ermənistanın xarici və daxili siyasətindən, mövcud durumdan və
perspektivlərdən, ölkə hakimiyyətinin bundan sonra atacağı
addımlardan və planlardan danışıb.
Onun ritorikası əvvəlki dönəmlərlə müqayisədə daha aqressiv
təsir bağışlayıb. Daha konkret olsaq, Nikol Paşinyan sanki
qarşısına əsas məqsəd kimi ölkə xaricindəki kuratorlarından aldığı
əmrləri tam yerinə yetirdiyini göstərərək Ermənistanı yeni
müharibəyə sürükləməyi qoyub.
Çıxışına daxili siyasi və iqtisadi problemlərdən, onların mümkün
həll yollarından danışmaqla başlayan N.Paşinyan daha sonra
Azərbaycanla yekun sülh sazişinin imzalanmasından, Qarabağ
problematikasından bəhs edib.
Əvvəlcə o, Rusiya Federasiyasının ünvanına yeni, daha mücərrəd
messiclər ünvanlayıb.
Paşinyanın dedikləri ilə reallıq arasındakı fərqlərə nəzər
salaraq, habelə, onun paranoidal çıxışının mümkün sonuclarını
təxminləməyə çalışaq.
1. “Rusiya Dağlıq Qarabağın dinc əhalisinin
kütləvi qırğınının baş verə biləcəyini rəsmi olaraq qeydə aldığı,
Dağlıq Qarabağda əhalinin və mülki infrastrukturun
təhlükəsizliyinin qarantı öhdəliyini boynuna götürdü. Ümid edirik
ki, Rusiya bəhs etdiyim funksiyanı tam həcmdə yerinə yetirəcək.
Lakin dostumuz və müttəfiqimiz Rusiya hansısa obyektiv səbəblərdən
bu rolu yerinə yetirə bilməzsə, düşünürəm ki, o, mülki
infrastrukturun dağılması təhlükəsi, təhlükənin qarşısını almaq
üçün Laçın dəhlizində və Dağlıq Qarabağda əlavə beynəlxalq
mexanizmlərin işə salınması barədə Dağlıq Qarabağın mülki əhalisini
xəbərdar edəndən sonra BMT-nin Təhlükəsizlik Şurasına müraciət
etməlidir”, – Paşinyan deyib.
Paşinyan bu sözləri ilə 2020-ci ilin noyabrın 10-da Azərbaycan,
Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyannamənin
şərtlərini heçə saydığını bildirməklə yanaşı, Rusiya Sülhməramlı
Kontingentinin (RSK) fəaliyyətini qəsdən yanlış qələmə verir.
Rusiyalı sülhməramlılar Azərbaycanın Qarabağ iqtisadi zonasının
şimalında məskunlaşmış erməni icmasının – Paşinyan bu erməniləri
qəsdən “Dağlıq Qarabağ əhalisi” adlandırır – təhlükəsizliyini təmin
etmir: RSK həmin areala müvəqqəti operativ nəzarət edərək
vəziyyətin gərginləşməsinin qarşısını alırlar.
“Dağlıq Qarabağ əhalisi” deməklə Paşinyan erməni icmasını “xalq”
kimi qələmə verməyə çalışır, Ermənistanın imzaladığı bütün
beynəlxalq sənədləri qulaqardına vuraraq Azərbaycanın
suverenliyinə, ərazi bütövlüyünə və sərhəd toxunulmazlığına “meydan
oxuyur”.
Eyni zamanda, o, rəsmi Bakının RSK nəzarətindəki ərazilərdə
yaşayan erməni icmasının nümayəndələri ilə başladığı danışıqlar
prosesini dayandırmağa çalışır.
2. “2020-ci ilin noyabrın 10-da imzalanmış
üçtərəfli bəyanatın 7-ci bəndində nəzərdə tutulmuş beynəlxalq
mexanizm hələ də işə salınmayıb. Sitat gətirirəm: “Məcburi
köçkünlər və qaçqınlar Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar
üzrə Ali Komissarlığı İdarəsinin nəzarəti altında Dağlıq Qarabağ
ərazisinə və ona bitişik ərazilərə qayıdırlar”. Bu isə o deməkdir
ki, Hadrut, Şuşa, Martuni (Xocavənd, – müəllif), Mardakert (belə
rayon artıq yoxdur), Şaumyan və Getaşen (bu adda yaşayış məskənləri
yoxdur), Laçın və digər qonşu rayonların geri qaytarılması üçün
beynəlxalq mexanizmlər işə salınmalıdır. Xarici İşlər Nazirliyinə
tapşırdım ki, bu mövzu ilə bağlı olaraq BMT-nin Qaçqınlarla imş
üzrə Ali Komissarlığı ilə rəsmi danışıqlara başlasınlar”.
N.Paşinyan üçtərəfli bəyanatın 7-ci bəndindən bəhs edirsə və
“qayıdış”dan danışırsa, ilk əvvəl azərbaycanlı məcburi köçkünlərin
Xankəndiyə, sabiq Ağdərə rayonuna, Əsgərana, Xocalıya və hazırda
RSK-nın nəzarətində olan digər Azərbaycan ərazilərinə qayıdışı tam
təmin olunmalıdı idi. Belə təminat, proses yoxdur və Ermənistan
indiyədək bütün vasitələri işə salaraq qayıdışın qarşısını almağa
çalışıb.
Digər tərəfdən, total bisavadlığını və marazmatik düşüncə
tərzini bir daha nümayiş etdirmiş N.Paşinyan bu dəfə demaqogik
yalanların dibinə enərək “rayonların qaytarılması”ndan bəhs
edir.
Azərbaycan erməni işğalından azad etdiyi, suveren ərazisinin bir
hissəsi olan rayonları kimə və niyə hədiyyə etməlidir?
Ermənistanın baş naziri dərk edirmi ki, bu cümlə, əslində,
“Qarabağ Ermənistandır və nöqtə” ifadəsinin yeni versiyası olaraq
İrəvan üçün fəlakətli sonuc verə bilər?
Bundan başqa, indiki Ermənistan ərazisinin böyük qismi Qərbi
Azərbaycandır. Qərbi Azərbaycan tarixi bir diyardır ki, burada
azərbaycanlılar yüz illər boyu yaşayıblar, lakin ötən əsrdə zorla
deportasiya ediliblər. İlk deportasiya 1905-ci ildə, 1918-ci,
1948-53 və 1988-91-ci illərdə, daha sonra digərləri ilə
başladı.
1988-91-ci illərdəki son deportasiya Ermənistanı monoetnik
ölkəyə çevirdi. Bu qeyri-insani aksiya zamanı 300 000-dən çox
azərbaycanlı evlərini tərk etmək məcburiyyətində qalıb, 216
azərbaycanlı öldürülüb. Azərbaycana qarşı ərazi iddiaları isə
sonuncu deportasiyadan sonra birinci Qarabağ müharibəsinə və
Azərbaycan ərazilərinin 30 illik işğalına səbəb oldu.
3. “Yekun sülh sazişi ilə bağlı
Azərbaycanın cavablarını aldıq. Müzakirə edəcəyik və gəldiyimiz
nəticələri açıqlayacağıq”.
Yekun sülh sazişi ilə bağlı Azərbaycanın mövqeyi bəllidir: sənəd
rəsmi Bakının İrəvana ünvanladığı məlum 5 prinsip əsasında
imzalanmalıdır. Sazişin hansısa digər forması, məzmunu və ya
mahiyyəti, sadəcə, mümkün deyil. Paşinyan açıqlaması ilə bəyan etdi
ki, İrəvan prosesi mümkün qədər uzatmaq, yekun sülh sazişinin
imzalanması istiqamətində yeni süni əngəllər və uydurma “səbəb”lər
yaratmaq niyyətindədir,
4. “Azərbaycanın hərbi-siyasi rəhbərliyi
Dağlqı Qarabağda soyqırımı və etnik təmizləmə hazırlayır. Mahiyyət
etibari ilə bu, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin qərarında
əks olunub”.
Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) qərarında
Laçın-Xankəndi yolunda azərbaycanlı ekofəalların, QHT mənsublarının
və vətəndaş cəmiyyəti fəallarının keçirdikləri, indi də davam edən
aksiyasından bəhs olunub. Çox qısa, mahiyyətin yanlış təqdim
olunması ilə. Soyqırımı və etnik təmizləməyə gəldikdə isə bu sahədə
Azərbaycan tam təcrübəsiz olduğundan hazılıq görə bilməz.
Soyqırımıları Ermənistan dinc azərbaycanlılara qarşı
reallaşdırıb: əvvəl indiki, süni yaradılmış Ermənistan ərazində,
sonra isə Birinci Qarabağ müharibəsində.
5. “Dağlıq Qarabağda müdafiə ordusu var və
yerli xalq üzərində etnik təmizləmə təhlükəsi qaldıqca, bu ordunun
mövcudluğu əsaslıdır. Lakin Müdafiə Ordusu soyqırımın qarşısının
alınması üçün yeganə mexanizm deyil. Rusiya Sülhməramlı Kontingenti
də belə mexanizmdir”.
Nikol Paşinyan bu açıqlaması ilə RSK nəzarətindəki Azərbaycan
ərazilərində hazırda mövcud olan qanunsuz erməni birləşmələrinin,
daha dorğrusu, diversantlarla terrorçuların İrəvan tərəfindən tam
miqyasda dəstəkləndiyini, silah-sursat, ərzaq, amunisiya və s. ilə
təmin olunduğunu etiraf edir.
Gorus-Xankəndi yolunun Laçın rayonunun ərazisindən keçən
ərazisində, Şuşa yaxınlığında ekoaksiya davam etdiyindən Ermənistan
erməni separatçılarının təminatı üçün alternativ torpaq yollardan
istifadə etməkdədir.
Əgər N.Paşinyan terrorçu və diversant dəstələrini “ordu”
sayırsa, onların üçtərəfli bəyanatın tələblərinə uyğun olaraq
Azərbaycan ərazisindən çıxarılması şərtini birmənalı olaraq qəbul
etmirsə, onda rəsmi Bakının vətəndaşlarının təhlükəsizliyini və
sərhədinin toxunulmazlığını təmin etmək üçün antiterror əməliyyatı
keçirməsi labud məsələyə çevrilir.
6. “Bakı və Xankəndi arasındakı dialoqu
pozmaq üçün Azərbaycan əlindən gələni edir”.
Nikol Paşinyanın bu açıqlaması, ümumiyyətlə, şərh olunması
mümkünsüz yalandır. Martın 1-də Xocalıda RSK qərargahında
keçirilmiş ilk görüşün davamı qismində Bakıda müzakirələrin
aparılması təklif edildi. Lakin əvvəlcə Xankəndidəki separatçı
rejim bu görüşdən uydurma bəhanələrlə boyun qaçırdı, sonra isə
separatçıların nümayəndələrinin dediklərini N.Paşinyan mətbuat
konfransında təkrarladı.
Erməni icmasının nümaynəndələrilə danışıqlar və müzakirələr
yalnız Azərbaycan Konstitusiyası çərçivəsində, vasitəçilərsiz,
birbaşa dialoq şəklində mümkündür. Dialoqun, reinteqrasiyanın və
qarabağlı ermənilərin Azərbaycan pasportu alaraq yaşamalarının
alternativi isə həmin ermənilərin Azərbaycan ərazisini tərk
etməsidir.
İrəvanda keçirdiyi mətbuat konfransındakı aqressiv və radikal
məzmunlu bəyanatlarını bu gün hökumətin iclasında təkrarlayan Nikol
Paşinyan yekun sülh sazişinin imzalanması prosesini mümkün qədər
ləngitmək, vəziyyəti stabillikdən gərginliyin pik həddinə çatdırmaq
və Bakı qarşısında irreal tələblər irəli sürərək “ermənilərin
maraqlarını qoruyan şəxs” qismində görünməyə can atır.
Bu tragikomediyanın səbəbi isə Ermənistanın baş nazirinin
İrəvandan çox uzaqdan yeni təlimatlar, göstərişlər və əmrlər
almasıdır.
İrəvan yenə uzaqməsafəli vədlərə aldanaraq nizamlanma prosesini
əngəlləyir və baş verənlərin Ermənistan üçün olduqca ağır
nəticələrə səbəb ola biləcəyini anlamaq istəmir.