Talış kəndinə köçürülənlərə 2, 3 və 4 otaqlı fərdi evlər təqdim edilib – Sədr müavini (ÖZƏL)

Tərtər. Trend:

Bu gün biz Azərbaycan xalqı olaraq daha bir tarixi qürurverici
bir gün yaşayırıq. Tərtər rayonun işğaldan azad edilmiş Talış
kəndinə 90 nəfərdən ibarət 20 ailə öz doğma torpaqlarına,
el-obalarına geri qayıdır. Talış kəndi ən müasir standartara cavab
verəcək tərzdə yenidən qurulub.

Bunu Trend-ə
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin
sədr müavini Fuad Hüseynov deyib.

O bildirib ki, 3 il öncə Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən qazanılan
tarixi zəfərin sevincini yaşayırdıqsa, bu gün artıq həmin tarixi
zəfərin nəticəsi olaraq işğaldan azad edilmiş ərazilərimizə keçmiş
məcburi köçkün soydaşlarımızın öz torpaqlıarına qayıdışını böyük
sevinc və qürur hissi ilə qeyd edirik.

“Bu gün Talış kəndində, bizim Qarabağımızda daha 20 ocaq insan
nəfəsi ilə isinəcək. Talış kəndinə köçürülən məcburi köçkün
soydaşlarımız Bakı, Bərdə, Samux, Göranboy və Tərtər rayonu
ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkün soydaşlarımızdır.
Həmin soydaşlarımıza 2, 3 və 4 otaqlı fərdi evlər təqdim edilib.
Talış kəndi ən müasir standartara cavab verəcək tərzdə yenidən
qurulub, cənab Prezident İlham Əliyevin tapşırığı ilə zəruri olan
bütün sosial, texniki infrastruktur ilə təchiz edilib”, – deyə o
qeyd edib.

Xatırladaq ki, Tərtər rayonun Talış kəndi 3 oktyabr 2020-ci il
tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən
Ermənistan işğaldan azad edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir