
YAP İdarə Heyətinin iclası keçirilib, 38 nəfər partiya sıralarından xaric olunub (FOTO)
Bakı. Trend:
Martın 16-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin
videokonfrans formatında iclası keçirilib.
YAP-dan Trend-ə bildirilib ki, iclasın müzakirəsinə Yeni
Azərbaycan Partiyasının 2022-ci il üzrə maliyyə hesabatlarının
təsdiq edilməsi, Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric
edilməsi təklif olunan şəxslərlə bağlı YAP rayon (şəhər)
təşkilatlarının təqdimatlarına baxılması və cari məsələlər
çıxarılıb.
YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni
Azərbaycan Partiyasının 2022-ci il üzrə maliyyə hesabatlarını
müstəqil auditor rəyi ilə birlikdə iclas iştirakçılarına təqdim
edib. Tahir Budaqov bildirib ki, ötən il yeni maliyyə-uçot
sisteminə keçid olub və 2022-cü il üzrə partiyanın maliyyə
hesabatları bu sistem əsasında hazırlanıb.
Müzakirələr zamanı YAP İdarə Heyətinin üzvləri Eldar İbrahimov
və Arif Rəhimzadə çıxış edərək maliyyə hesabatının şəffaf və
mükəmməl səviyyədə hazırlandığını vurğulayıblar. 2022-ci il üzrə
maliyyə hesabatları İdarə Heyətinin üzvləri tərəfindən təsdiq
olunub. YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov
maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasına təqdim ediləcəyini diqqətə
çatdırıb.
Sonra Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric edilməsi
təklif olunan şəxslərlə bağlı YAP rayon (şəhər) təşkilatlarının
təqdimatlarına baxılıb. YAP İdarə Heyətinin üzvləri Eldar
İbrahimov, Amin İsmayılov, Rəşad Mahmudov, Mübariz Qurbanlı və
Aynur Sofiyeva çıxış edərək məsələyə münasibət bildiriblər. 38
nəfərin müxtəlif səbəblərdən partiyanın nüfuzuna xələl gətirdiyinə
görə YAP sıralarından xaric olunmasına dair qərar qəbul olunub.
Daha sonra partiyanın Gəncə şəhər təşkilatının sədri Ramil
Orucovun səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi
barədə ərizəsinə baxılıb və müvafiq qərar qəbul edilib. YAP İdarə
Heyətinin üzvləri Musa Quliyev və Eldar İbrahimov R.Orucova şəfa
diləyərək partiyadakı fəaliyyətinə görə təşəkkürlərini
bildiriblər.
Sonda YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri iclas
iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik
edib, onlara möhkəm cansağlığı və işlərində uğurlar arzulayıb.