Azərbaycan və Rusiya gömrük prosedurlarının sinxronlaşdırılması barədə razılığa gəliblər

Xaçmaz. Trend:

Azərbaycan və Rusiya gömrük prosedurlarının sinxronlaşdırılması
barədə razılığa gəliblər.

Trend-in məlumatına görə, bu barədə Xanoba gömrük postunun
açılış mərasimində baş nazirin müavini Şahin Mustafayev deyib.

“Nəqliyyat sektoru ölkələrimiz arasında əməkdaşlıqda böyük rol
oynayır. Azərbaycan ötən ilin sentyabr ayında imzalanmış Bakı
bəyannaməsinə sadiqdir. Ölkə bəyannamə çərçivəsində sərhəd
məntəqələrinin ötürücülük qabiliyyətinin artırılmasına yönəlmiş
layihələr reallaşdırır. Həmçinin avtomobil yolları və körpülərin
tikintisi üzrə işlər aparılır. Biz Azərbaycan və Rusiya gömrük
prosedurlarının sinxronlaşdırılması barədə razılığa gəlmişik”, – o
deyib.

Ş.Mustafayev bir ay ərzində Samur və Xanoba məntəqələri arasında
24 km uzunluğa malik dördzolaqlı avtomobil yolunun inşasının
bitəcəyini bildirib.

“Həmçinin Bakıdan Rusiya ilə sərhədədək avtomobil yolu inşa
edilməkdədir, işlərin iki ay ərzində tamamlanacağı gözlənilir.
Həmçinin Bakı-Yalama dəmir yolunun yenidən qurulması aparılır”, – o
qeyd edib.

Azərbaycanla Rusiya arasında ticari-iqtisadi əməkdaşlığın fəal
şəkildə inkişaf etdiyini deyən Ş.Mustafayev 2022-ci ildə əmtəə
dövriyyəsinin 3,7 milyard dollar təşkil edəcəyini (24 faiz artım)
əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir