Azərkosmos İsrailin “Spacecom” peyk operatoru ilə əməkdaşlıq müqaviləsi imzalayıb (FOTO)

Bakı. Trend:

Azərkosmos İsrailin “Spacecom” peyk operatoru ilə uzunmüddətli
layihələrin birgə həyata keçirilməsinə dair əməkdaşlıq müqaviləsi
imzalayıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Trend-ə bildirilib
ki, AMOS telekommunikasiya peyklərinin operatoru olan “Spacecom”
Yaxın Şərq, Avropa və Şimali Amerikada fəaliyyət göstərir.
Azərkosmosla əməkdaşlıq sayəsində Azerspace peyklərinin
imkanlarından istifadə edərək “Spacecom” şirkəti xidmət
coğrafiyasını genişləndirəcək, xüsusilə Afrika regionunda peyk
xidmətləri və mobil rabitənin verilməsi üzrə layihələr həyata
keçirəcək.

Yüksək ötürmə qabiliyyətli peyklərə malik olan “Spacecom”
Azərkosmosun Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində yerləşən
teleport xidmətlərindən də istifadə etməklə müştərilərinə xidmət
göstərəcək.

“Əməkdaşlığımız Azərkosmos və “Spacecom” arasında birgə inkişafa
gedən yolun başlanğıcıdır. AMOS peykləri vasitəsilə Avropa, Afrika
və Asiyadan olan müştərilərimizin sayını artıracağıq”, – deyə
Azərkosmosun sədr müavini Fuad Aslanov bildirib.

“Spacecom”un Gəlirlər üzrə baş direktoru Yon Rozenberq qeyd edib
ki, Azərkosmosun telekommunikasiya və teleport xidmətlərindən
istifadə etməyimiz kosmosla bağlı birgə fəaliyyətimizin inkişafı
üçün mühüm addımdır. Azerspace peykləri Afrika bazarındakı ən
dinamik peyklərdəndir və rəqəmsal yayım sahəsində keyfiyyətli
xidmətlər təqdim ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir