
“AzerGold” QSC kadr hazırlığı sahəsində fəaliyyətini genişləndirib
Bakı. Trend:
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) dağ-mədən sahəsində
uğurlu fəaliyyəti ilə ölkəmizin qeyri-neft sektorunun inkişafı ilə
yanaşı, məşğulluq, ixtisaslı kadr hazırlığı istiqamətində dövlət
siyasətinə töhfə verməyə davam edir. Belə ki, Daşkəsən və Göygöl
rayonlarında aktiv hasilat, həmçinin Daşkəsən rayonunda aktiv
istehsalat fəaliyyəti həyata keçirən QSC-nin 2022-ci ildə
təsdiqlənmiş ştat cədvəlinə uyğun olaraq, faktiki 563
nəfər işçi olmaqla, ümumilikdə mədən ərazilərində çalışan
podratçı şirkətlərlə birgə 2000 nəfərdən artıq
işçi üçün müasir standartlara cavab verən iş şəraiti yaradılıb.
2022-ci ildə QSC-nin törəmə şirkətləri – “Daşkəsən Dəmir Filiz” MMC
və “AzerBlast” MMC-də isə ümumi olaraq 265 nəfər
daimi işlə təmin olunub.
2023-cü ildə layihələrin icrası ilə əlaqədar həm “AzerGold” QSC,
həm də onun törəmə cəmiyyətlərində yeni iş yerlərinin açılması,
daimi işçi sayının artırılması planlaşdırılıb. Cari il təsdiq
olunmuş yeni ştat cədvəlləri üzrə əməkdaş sayının “AzerGold” QSC-də
750, törəmə şirkətlərdə isə ümumilikdə 291
nəfər olmaqla, ümumilikdə 1041 nəfərə
çatdırılması nəzərdə tutulub.
Yeni əməkdaşların məşğulluğa cəlb edilməsi prosesində vacib
məsələlərdən biri də ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi
uğrunda döyüş əməliyyatlarında iştirak etmiş qazilərimizin, şəhid
ailə üzvlərinin işlə təminatıdır. Hazırda Cəmiyyətdə 44
nəfər Vətən müharibəsi iştirakçısı, 10
nəfər 1-ci Qarabağ müharibəsi veteranı, 1
nəfər müharibə əlili və 10 nəfər şəhid
ailəsi üzvü çalışmaqdadır. Cari il də bu kateqoriyadan olan
vətəndaşların işlə təminatı məsələsinə müvafiq ixtisas və peşə
bacarıqlarına uyğun olaraq xüsusi diqqət yetirilir.
“AzerGold” QSC tərəfindən dağ-mədən sənayesinin inkişafı üçün
vacib sayılan kadr potensialının artırılması istiqamətində də fəal
iş aparılır. Bu məqsədlə ölkədə fəaliyyət göstərən 8 ali təhsil
müəssisəsi və Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə sıx əməkdaşlıq
əlaqələri qurulub. Təhsil müəssisələri ilə əldə edilmiş
razılaşmalar əsasında tələbələrin həm QSC-nin baş ofisi, həm də
istehsalat sahələrində təcrübə keçmələri üçün şərait yaradılır.
Beləliklə, ali və peşə təhsili müəssisələrində elmi-nəzəri biliklər
əldə edən tələbələr əyani surətdə istehsalat təcrübəsinə də
yiyələnmiş olurlar. Həmçinin Səhmdar Cəmiyyətin mütəxəssisləri
tələbələrə mühazirələr oxuyur, ustad dərsləri keçir, eləcə də
müxtəlif müsabiqələr, stimullaşdırıcı tədbirlər həyata keçirirlər.
Bugünədək 190 nəfər tələbə və məzun sözügedən
təcrübə proqramında iştirak edib, 27 nəfər
Cəmiyyətdə işlə təmin olunub.
Eyni zamanda, artıq ikinci ildir ki, “AzerGold” QSC ölkəmizdə
fəaliyyət göstərən ali və peşə təhsili müəssisələrinin tələbələri
üçün Təqaüd proqramı müsabiqələri təşkil edir. Səhmdar Cəmiyyətin
strateji layihələrinin vaxtında zəruri kadrlarla təminatı, müvafiq
ixtisaslarda yerli mütəxəssis bazasının inkişaf etdirilməsi
məqsədilə elan edilən müsabiqələrdə qalib gələn tələbələr proqrama
cəlb edilir, məzun olduqdan sonra onların müvafiq vakansiyalar üzrə
işlə təminatı istiqamətində Cəmiyyətin tələbatına uyğun olaraq
zəruri addımlar atılır.