
Evlərin sənədləşdirilməsi problemi ölü nöqtədən tərpənmir – Musa Quliyev
Bakı. Trend:
Milli Məclisdə icazə olmadan tikilən fərdi yaşayış evlərinin
sənədləşdirilməsi məsələsi qaldırılıb.
Trend-in məlumatına görə, Milli Məclisin Əmək və sosial siyasət
komitəsinin sədri Musa Quliyev parlamentdə hökumətin hesabatının
müzakirəsi zamanı deyib ki, rəsmi məlumatlara görə belə evlərin
sayı 500 mindən artıqdır.
“Neçə illərdir ki, bu məsələ Milli Məclisdə qaldırılır, hökumət
qərarları verilib. Di gəl ki, problem ölü nöqtədən tərpənmir.
Problemin vaxtında və əsaslı həll edilməməsi yeni problemlər
yaratmaqdadır. Sənədsiz evlər sənədsiz məhəllələrə, sənədsiz
məhəllələr sənədsiz qəsəbələrə çevrilməkdədir. Bu ərazilərdə
yaşayan on minlərlə insanın qazlaşdırma, su- kanalizasiya, uşaq
bağçası, məktəb, xəstəxana, aptek, içtimai nəqliyyat və s.
ehtiyacları qarşılana bilmir. Qeydiyyatda olmadıqlarına görə bu
vətəndaşlar seçki hüquqlarından istifadə edə bilmirlər. Çox
hörmətli cənab baş nazir! Sizdən xahiş edirəm bu məsələnin qısa
zamanda həlli üçün tapşırıq verəsiniz və prosesi nəzarətinizə
götürəsiniz”, – deyə M.Quliyev əlavə edib.
Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat
verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edir.