Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan
xalqını təbrik edib.
Hörmətli həmvətənlər!
Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər
birinizə bahar əhval ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə
nailiyyətlər arzulayıram.
Azərbaycan torpağında çox qədim kökləri olan Novruz bayramı
əcdadlarımızın indiki nəsillərə müqəddəs yadigarıdır. Zamanın bütün
sınaqlarından çıxaraq əsrlərin yaddaşında silinməz izlər qoyan bu
el bayramı uzaq dövrlərdən bəri xalqımızın mənəvi dünyasının
dərinliklərinə nüfuz etmiş, ənənəvi dəyərlərimizin təşəkkülündə
mühüm rol oynamışdır. Ulu babalarımızın zəngin daxili aləmi, müdrik
həyat fəlsəfəsi və gələcəklə bağlı işıqlı arzuları bahar bayramında
dolğun təcəssümünü tapmışdır.
Ülvi bəşəri hisslərin daşıyıcısına çevrilən, yeniləşdirici gücə
malik Novruz bayramı bu gün də insanlar arasında səmimi
münasibətlərə yol açaraq dostluq, mərhəmət və xeyirxahlıq
duyğularını möhkəmləndirir, cəmiyyətimizin vahid məfkurə ətrafında
inkişafının ahəngdarlığını təmin edir. Milli varlığımızın ayrılmaz
parçası saydığımız və yad təsirlərdən qoruduğumuz Novruz ənənələri
mənəvi sərvətlərimizə hörmətlə yanaşmağımızın yüksək ifadəsi, eyni
zamanda bəşər mədəniyyəti xəzinəsinə qiymətli töhfəmizdir.
Xatirəsini daim minnətdarlıqla andığımız şəhidlərimizin öz
canları, qanları bahasına azadlıq bəxş etdikləri əzəli
torpaqlarımızda gerçəkləşdirilən irimiqyaslı layihələr, geniş vüsət
alan quruculuq işləri və əhalimizin doğma yurdlara qayıdışı ilə
yenidən canlanan həyat yaz fəslinin Odlar diyarına builki gəlişinə
xüsusi ab-hava qatır və rəmzi məna qazandırır.
Ölkəmizin hüdudlarından uzaqlarda yaşayan, qəlbi vətən sevgisi
ilə döyünən və baharı bizimlə birgə qarşılayan soydaşlarımıza
bayram salamlarımı yetirirəm.
Bu əlamətdar bayramın hər evə, hər ocağa yeni sevinc, bol
ruzi-bərəkət və firavanlıq gətirməsini arzu edirəm.
Novruz bayramınız mübarək olsun!