
Prezident İlham Əliyevin təşəbbüsləri və TDT-də formalaşan yeni dəyərlər sistemi
Bakı. Trend:
Son 200 il ərzində 250 milyonluq Türk dünyası çətin tarixi
proseslərə şahidlik edib. Müxtəlif dövrlərdə işğallara məruz qalan
türk xalqları Sovet Sosialist Respublikalar İttifaqı (SSRİ)
dağıldıqdan sonra çiçəklənmə dövrünə qədəm qoyub. 2000-ci illərin
əvvəllərindən isə müstəqil Türk dövlətlərinin bir-birinə yaxınlaşma
prosesi başlayıb. Nəticədə 3 oktyabr 2009-cu ildə Naxçıvan
şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Türk Dövlətləri
Təşkilatı (TDT) yaradılıb. Təşkilat yarandığı gündən Türk
dövlətlərinin həm siyasi, həm də iqtisadi əlaqələrinin
genişləndirilməsi ilə bağlı mühüm addımlar atıb.
Türk Dövlətləri Təşilatının ən aktiv dövrü isə 2022-ci ildə
Azərbaycanın qələbəsi ilə yekunlaşan Vətən Müharibəsindən sonrakı
zamana təsadüf edir. Daha dəqiq desək, müharibədən sonra
Azərbaycanın regionda artan təsir gücü Təşkilatın da imicinə müsbət
təsir göstərmiş oldu. Həmin dövrdən Azərbaycan və Türkiyənin
təşəbbüsü ilə bir neçə mühüm Zirvə görüşü təşkil olunub. Görüşlərdə
dünyanın diqqətini çəkən bəyanatlar verilib, birlik nümayiş
etdirilib. Dünya Türk dövlətlərinin birliyinə növbəti dəfə fevralın
6-da Türkiyədə baş verən zəlzələdən sonra bir daha şahid oldu.
Təbii fəlakətdən sonra başda Azərbaycan olmaqla, Qazaxıstan,
Qırğızıstan, Türkmənistan, Özbəkistan, həmçinin Şimali Kipr Türk
Respublikası Türkiyənin yardımına yetişdi, çıxış yolları ilə bağlı
təşəbbüslərlə çıxış etdi. Zəlzələdən sonra ən mühüm təşəbbüslərdən
birini Azərbaycan Prezidenti İlham Əliyev irəli sürüb.
Ölkə başçısı Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının
Fövqəladə Zirvə görüşünün keçirilməsini təklif edib. Bu təklif Türk
dövlətlərinin zəlzələlənin nəticələrinin aradan qaldırılmasının
müzakirəsi baxımından çox effektiv idi. Bu səbəbdən Azərbaycan
liderinin təşəbbüsü Təşkilat üzvləri tərəfindən yektilliklə qəbul
olundu.
Fövqəladə Zirvə görüşü martın 16-da Ankara şəhərində
keçirildi.
Toplantıda çıxış edən Prezident İlham Əliyev Azərbaycandan
zəlzələ bölgəsinə göndərilən yardımlar, Türk dövlətləri arasında
qarşılıqlı yardımlaşmalar, hərbi, siyasi və iqtisadi əməkaşlıq,
həmçinin türk xalqlarının birliyi barədə danışıb. Prezident əvvəlcə
bildirib ki, Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan
qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər
olmuşdu.
Sitat: “Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb
personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə
göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri
arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi
nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin
780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb
personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib.
Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər
humanitar qurumların bank hesabına köçürülmüşdür. Bununla yanaşı,
qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılmışdır”.
Təbii ki, Azərbaycanla yanaşı, Türk Dövlətləri Təşkilatına üzv
olan digər ölkələr də Türkiyəyə milyonlarla manat həcmində yardım
göndərib. Bu yardımlar Təşkilata daxil olan dövlətlərin birliyinin
bariz nümunəsidir. TDT üzvlərinin Azərbaycanın işğaldan azad
olunmuş ərazilərinin bərpası üçün nümayiş etdirdiyi birlik də
xüsusi vurğulanmalıdır. Üzv dövlətlərin həyata keçirilən quruculuq
işlərinə verdiyi töhfəyə xüsusi diqqət çəkən Prezident,
yenidənqurma işlərinə dəstək verən ölkə başçılarına təşəkkürünü
bildirib.
Sitat: “Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü
üçün “Böyük Qayıdış” proqramının icrasına başlamışıq. Yenidənqurma
prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur
layihələrində fəal iştirak edirlər. Bu günə qədər Türkiyə
şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ
dollarından çoxdur. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğan azad edilmiş
torpaqlara üç dəfə səfər edib, Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla
gedib.
Fürsətdən istifadə edərək, işğaldan azad edilmiş Füzuli
rayonunda Özbəkistan tərəfindən tikilən məktəbə və Qazaxıstan
tərəfindən inşa olunan yaradıcılıq mərkəzinə görə Özbəkistan
Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Kasım-Jomart
Tokayevə minnətdarlığımı bildirirəm”.
Prezident çıxışı zamanı TDT üzvlərinin birliyi fonunda
Türkiyənin güc mərkəzinə çevrilməsinə və Bakının Ankara ilə
müttəfiqlik münasibətlərinə də toxunub.
Sitat: “2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa
şəhərində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi
imzalanmışdır və bizim əlaqələrimiz rəsmən müttəfiqlik səviyyəsinə
qaldırılmışdır. Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib
Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz
sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu gün dünyada Türkiyə
ilə hesablaşırlar və ona hörmət edirlər”. Təbii ki, Türk Dövlətləri
Təşkilatına daxil olan dövlətlərin regional və qlobal təsir gücünü
artırması bütün Türk dünyası üçün əhəmiyyətlidir.
Məlumdur ki, Avropadan Hindistana, Yaxın Şərqdən Uzaq Sibirə
qədər ərazilərdə Türk genini daşıyan xalqlar yaşayır. Yəni Türk
dünyasının hüdudları Türk Dövlətləri Təşkilatına daxil olan
dövlətlərin əraziləri ilə məhdudlaşmır. Çıxışı zamanı bu mövzuya
diqqət çəkən Prezident bəyan edib ki, Türk dünyası daha böyük
coğrafiyanı əhatə edir.
Sitat: “…Türk dünyası türk dövlətlərinin hüdudları ilə
məhdudlaşmır. Türk dünyası daha böyük coğrafiyanı əhatə edir.
Dünyada yaşayan azərbaycanlıların sayı 50 milyondan çoxdur.
Onlardan cəmi 10 milyonu müstəqil Azərbaycan Respublikasında
yaşayır. Tarixi torpağımız olan Qərbi Zəngəzurun 1920-ci ilin
noyabr ayında sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb
Ermənistana verilməsi Türk dünyasının coğrafi cəhətdən ayrılmasına
səbəb olmuşdur”.
Bu çıxış Türk xalqlarının gələcəyi ilə bağlı mühüm mesaj kimi
qəbul olunmalıdır. Çünki Türk dövlətlərinin Qarabağın inşasına
göstərdiyi diqqət, həmçinin Türkiyədə baş verən zəlzələdən ziyan
çəkənlərə edilən yardımlar Türk Dövlətləri Təşkilatı daxilində
qarşılıqlı yardımlaşma ənənələrini formalaşdırmış olur.
Bu birlik və yardımlaşma ənənəsi eyni dilə və mədəniyyətə sahib
olduğumuz, amma müstəqil olmayan Türk xalqlarının hüquqlarının
qorunması baxımından da özünü göstərməyə davam edəcək. Bütün
məqamlar göstərir ki, Türk dünyası qlobal güc olmaq yolunda sürətlə
irəliləyir. Bu prosesdə Türkiyə və Azərbaycan başda olmaqla digər
Türk dövlətlərinin də rolu böyükdür. Bakı və Ankaranın əlaqələrini
bütün sahələrdə yüksək səviyyəyə çatdırması digər Türk dövlətləri
üçün yol xəritəsi rolunu oynayır, yeni dəyərlər sistemi
formalaşdırır.
Bu səbəbdən ehtimal etmək olar ki, yaxın gələcəkdə Türk
dövlətlərinin hərbi-siyasi əməkdaşlığı Şuşa Bəyannaməsinin təməl
prinsiplərinin əks olunduğu sənədlərlə yüksək müttəfiqlik
səviyyəsinə çatacaq. Azərbaycan isə Türk dünyasının yüksəlişi
prosesində mühüm ideyalların əsas təşəbbüskarı rolunda çıxış
edəcək.