Qubada “Qələbə ətirli Novruz” adlı bayram tədbiri keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba
filialında Riyaziyyat və təbiət elmləri fakültəsinin təşkilatçılığı
ilə Novruz bayramı münasibətilə “Qələbə ətirli Novruz” adlı tədbir
keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin
səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin
xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

Moderatorlar Kamilla Rzayeva və Arzu Əliyeva Novruz haqqında
müxtəlif maraqlı tarixi məlumatlar səsləndiriblər. Daha sonra
filialın direktoru f.e.d. Yusif Alıyev çıxış edərək bildirib ki, 3
ildir ki, parlaq qələbə ilə qədəm qoyduğumuz Novruz bayramının ilk
tonqalları artıq bütün Azərbaycan torpaqlarında qalanır. Təsadüfi
deyil ki, 3 il bundan əvvəl hər birimiz üçün Şuşada Novruz
tonqalının qalanması arzu idisə, artıq o tonqal Şuşa qalasının
qarşısında qalanır. Direktor qeyd edib ki, ötən Novruzdan bu günə
qədər ADPU-nun Quba filialı da bir çox ilklərə imza atdı. Filialda
2 yeni fakültə, 4 kafedra yarandı.

Y.Alıyev çıxışını Ulu Öndər Heydər Əliyevin Novruz bayramı
haqqında söylədiyi fikirlərlə yekunlaşdırıb: “Novruz Azərbaycan
xalqının müqəddəs bayramıdır. Qədim zamanlarda bizim əcdadlarımız
bu bayramı yaradıb və bu bayram min illərlə yaşayıb, xalqımıza,
millətimizə həmişə səadət, xoşbəxtlik, sevinc gətiribdir, xalqımıza
güç veribdir. Bu bayram bütün dövrlərdə yaşayıbdır. Bu gün isə
müstəqil Azərbaycanın ərazisində o, əziz bayram kimi qeyd olunur.
Novruz bayramının çox böyük mənası vardır. Bu, həm bahar
bayramıdır, həm təbiətin oyanışının bayramıdır, həm də insanların
həyatında böyük dəyişikliklər bayramıdır.”

Tədbirdə filial rəhbərliyi tərəfindən bir qrup əməkdaş və
tələbələr Fəxri fərman, bir neçə qrup isə Təşəkkürnamə ilə təltif
ediliblər.

Sonra tələbələrin hazırladıqları səhnəciklər, rəqslər nümayiş
olunub, Novruz atributları olan Kosa və Keçəlin nömrələri, yumurta
döyüşü marağa səbəb olub.

Daha sonra filialln həyətində tonqal qalanıb, xoş arzular
səsləndirilib, filialın rəhbərliyi və tələbələr tonqal ətrafında
rəqs ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir