Təcili tibbi yardım stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq
Bakı. Trend:
Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində TƏBİB-in
tabeliyindəki “103” və “113” təcili təxirəsalınmaz tibbi yardım
stansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Qeyri-iş günlərində xidməti nəzarətdə saxlamaq üçün məsul
şəxslərdən ibarət növbətçilik yaradılacaq, həkim briqadalarının
sayı xidməti ştata uyğun təşkil olunacaq.
Bakı şəhərində 139 təcili tibbi yardım briqadası xidmətə hazır
vəziyyətdə gətirilib. Onlar tibbi ləvazimatlarla, dərman
preparatları və s. ilə tam təmin edilib.
Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində həm xarici
ölkələrdən, həm də bölgələrdən xüsusilə Bakı şəhərinə gələn
qonaqların sayında artım müşahidə olunduğu üçün təchizat və təlimat
buna uyğun təşkil olunacaq.
Məsul şəxslər tərəfindən təcili tibbi yardım xidmətinin
fəaliyyəti ilə bağlı reydlər keçiriləcək. Qüsurlar aşkarlanarsa,
dərhal tədbir görüləcək.