
Türk Dövlətləri Təşkilatının daha da güclənməsi üçün Azərbaycan mühüm töhfələr verir – Səttar Möhbalıyev
Bakı. Trend:
“Bütün siyasi fəaliyyəti ərzində milli maraqları hər şeydən
üstün tutan dövlətimizin başçısı cənab İlham Əliyev bu gün dünyada
əhəmiyyətli regional və beynəlxalq təşəbbüslərin müəllifi kimi
tanınır. Onun Qoşulmama Hərəkatının sədri olaraq pandemiya dövründə
gördüyü işlər və bunun müsbət nəticələri hələ uzun illər beynəlxalq
ictimaiyyətin müzakirə mövzusu olacaq. Bu gün dünyada müharibələr
baş verir, sülh və sabitlik təhdid altındadır, yeni dünya düzəni
formalaşır. Belə bir məqamda Prezidentimizin müxtəlif beynəlxalq
platformalarda səsləndirdiyi fikirlər, irəli sürdüyü təşəbbüslər
dünyanın gələcəyi üçün son dərəcə yüksək qiymətləndirilir və onun
dünya liderləri sırasında yer aldığını göstərir. Həmçinin bu gün
dünya ağır enerji böhranının girdabındadır. Etiraf olunduğu kimi,
bu problemin də aradan qaldırılmasında Azərbaycan mərkəzdə dayanan
ölkələrdəndir”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə
açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
(AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev
deyib.
“Həmçinin qeyd edək ki, Prezident İlham Əliyev türkdilli
dövlətlər arasında münasibətlərin dərinləşməsində,
təşkilatlanmasında, həmrəylik nümayiş etdirilməsində əhəmiyyətli
işlər görür. Bu gün qürurla deyə bilərik ki, artıq Türk Dövlətləri
Təşkilatı (TDT) regional güc mərkəzinə çevrilib və beynəlxalq
siyasi proseslərə təsir imkanları yüksəlməkdədir. Bildiyimiz kimi,
martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət
Başçılarının “Fəlakət – Fövqəladə halların idarə edilməsi və
humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşü baş tutdu.
Tədbir bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşıb.
Qardaş ölkədə baş verən dağıdıcı zəlzələ ilə əlaqədar dövlətimizin
başçısı qardaş ölkəyə bir daha dəstəyini nümayiş etdirdi. Bu
həmçinin Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin
təzahürüdür”, – Milli Məclisin deputatı deyib.
Onun sözlərinə görə, Fövqəladə Zirvə görüşündəki çıxışında
dövlətimizin başçısı Azərbaycandan qardaş ölkəyə zəlzələ ilə
əlaqədar göndərilən yardımlar haqqında məlumat verdi: “Təbii ki, bu
dəstək təmənnasız qardaşlığın göstəricisidir. İlk gündən Azərbaycan
qardaş ölkənin yanında oldu, həmrəylik nümayiş etdirdi,
təyyarələrlə, avtomobil karvanları ilə fəlakət zonasına yardımlar
yola salındı, xilasedicilər, həkimlər göndərildi. Heydər Əliyev
Fondu tərəfindən də qurumun Prezidenti Mehriban xanım Əliyevanın
göstərişi ilə zəlzələdən ziyan çəkənlərə yardımlar çatdırıldı. Bu
nəcib missiya Fond tərəfindən bu gün də davam etdirilir. Həmçinin
vətəndaşlarımız da bu məsələdə çox aktiv oldular, yardım toplama
məntəqələrinə əşyalar gətirdilər, ianələr topladılar. Yeri
gəlmişkən xatırladım ki, Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası da qardaş ölkədən öz dəstəyini əsirgəmədi. Belə ki,
AHİK zəlzələ zonasında evsiz-eşiksiz qalmış insanlar üçün 10 ədəd
konteyner ev göndərdi. Bundan başqa, zəlzələ qurbanlarına davamlı
olaraq humanitar yardımlar göndərən Heydər Əliyev Fonduna bu işdə
dəstək olmaq üçün 500 000 manat vəsait köçürdü”.
“Dövlətimizin başçısı həmçinin çıxışında bölgədəki vəziyyət, o
cümlədən Ermənistanın hələ də öz qoşunlarını tam olaraq Azərbaycan
ərazilərindən çıxarmaması, Qarabağda qanunsuz erməni dəstələrinin
qalması, Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü
öhdəlikdən yayınması faktlarını türkdilli ölkələrin dövlət
başçılarının diqqətinə çatdırdı. Təbii ki, məğlub ölkə olaraq
kapitulyasiya aktına imza atan Ermənistan öhdəlikləri yerinə
yetirməlidir. Anlamalıdırlar ki, bütün bu məsələlərdə Azərbaycan
Prezidenti prinsipial mövqe ortaya qoyub. Belə ki, dövlətimizin
başçısı uzun illər Ermənistanı sülhə dəvət etdi, amma işğalçı
ölkənin bundan boyun qaçırmasının nəticələri hamıya bəllidir. Ona
görə də baş verən hadisələrdən dərindən dərs çıxarmalı, öhdəlikləri
yerinə yetirməlidirlər”, – AHİK sədri vurğulayıb.
Səttar Möhbalıyev sonda əminliyini ifadə edib ki, Zirvə
görüşündə aparılan müzakirələr, qəbul olunan qərarlar, eləcə də
Ankara Bəyannaməsi və mülki müdafiə mexanizminin qurulmasına dair
Protokolun imzalanması türkdilli ölkələr arasında əməkdaşlığı
genişləndirəcək, həmrəyliyi möhkəmləndirəcək və bu da TDT-nin daha
güclü və nüfuzlu təşkilata çevrilməsinə şərait yaradacaq.