Xarici işlər nazirinin müavini Mavritaniyada işgüzar səfərdə olub

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz
Rzayev martın 16-17-də İslam Əməkdaşlıq Şurasının (İƏT) Nazirlər
Şurasının 49-cu sessiyasında iştirak məqsədilə Mavritaniya İslam
Respublikasında işgüzar səfərdə olub.

Xarici İşlər Nazirliyindən Trend-ə bildirilib ki, səfər
çərçivəsində nazir müavini Fariz Rzayevin Mavritaniya xarici işlər
naziri Mohamed Salem Ould Merzoug, Burkina-Faso xarici işlər naziri
Ragnaghnevende Olivia Rouamba, Ərzaq Təhlükəsizliyi üzrə İslam
Təşkilatının Baş direktoru Yerlan Baidaulet, Oman Sultanlığı Xarici
İşlər Nazirliyinin Diplomatik məsələlər üzrə katibinin müavini Şeyx
Xəlifə bin Əli bin İsa əl Harti, habelə Somalinin xarici işlər və
beynəlxalq əməkdaşlıq naziri Abşir Omar Huruse ilə ikitərəfli
görüşləri keçirilib.

Görüşlər zamanı ikitərəfli əməkdaşlıq perspektivləri, beynəlxalq
təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı (QH) çərçivəsində
əməkdaşlıq məsələləri müzakirə olunub. Yüksək səviyyəli rəsmi
təmasların və ikitərəfli siyasi məsləhətləşmələrin intensivliyinin
artırılmasının əhəmiyyəti vurğulanıb.

Qarşı tərəf Azərbaycanın QH-na sədrliyi çərçivəsində irəli
sürülmüş pandemiyadan sonrakı qlobal bərpa məsələsinə həsr olunmuş
təşəbbüslər barədə məlumatlandırılıb.

Nazir müavini tərəfindən ölkəmizin üzvlüyü dövründə İslam
Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində Azərbaycanın ərazi
bütövlüyü və suverenliyinə göstərilən davamlı dəstək təqdir
olunub.

Görüşlər zamanı, Ermənistanın 30 ilə yaxın dövr ərzində
Azərbaycana qarşı təcavüzü, post-münaqişə dövründə
Azərbaycan-Ermənistan arasında sülh prosesinin cari vəziyyəti,
eləcə də regionda Ermənistanın təxribatları, mina təhdidləri barədə
ətraflı məlumat verilib.

Azərbaycan hökuməti tərəfindən işğaldan azad olunmuş ərazilərdə
aparılan bərpa-quruculuq işləri, Azərbaycanın təşəbbüsü və iştirakı
ilə bölgədə həyata keçirilən nəqliyyat-kommunikasiya layihələri
diqqətə çatdırılıb, bu istiqamətlərdə əməkdaşlıq imkanlarının
olduğu vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir