Abşeron rayonunda Novruz şənliyi böyük konsert proqramı ilə davam edib (FOTO)

Bakı. Trend:

Abşeron rayonunda Novruz bayramı ilə əlaqədar ümumrayon bayram
şənliyi təşkil edilib. Bayram tədbiri ərəfəsində Abşeron rayon İcra
Hakimiyyətinin rəhbərliyi və əməkdaşları ərazidə yaşayan şəhid
ailələrinə və qazilərə baş çəkib, xalqımızın qədim Novruz bayramı
münasibətilə təbrik ediblər. O cümlədən, şəhid məzarları ziyarət
olunub, ruhlarına dualar oxunub.

Abşeron rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, həmçinin Novruz
bayramının gəlişi ilə əlaqədar rayon ərazisində hər həftə iməcilik
tədbirləri keçirilib, yaşıllıq sahələrində mövsümi işlər görülüb,
park və bağlarda ağaclara aqroqulluq göstərilib.

Martın 18-də Xırdalan şəhərində Heydər Əliyev Parkında keçirilən
Novruz bayramı tədbirində rayon rəhbərliyi, hüquq-mühafizə
orqanlarının rəhbərləri, təhsil, səhiyyə, təşkilat və müəssisələrin
kollektivləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti
qatılıb.

Şəhid övladları və qazilər “Yanardağ” Dövlət-Tarix Mədəniyyət və
Təbiət Qoruğundan gətirilən alovla bayram tonqalını yandırıblar.
Parkın hər guşəsi bayram atributları ilə bəzədilib, məktəb və
məktəbəqədər təhsil müəssisələrinin kollektivləri öz sərgiləri ilə
qonaqları sevindiriblər. Bayram şənliyində Dədə Qorqud və Bahar qız
yazın gəlişini müjdə verib, bayram gəzintisinə start veriblər.

Parkın meydançasında milli geyimli iştirakçılar tərəfindən
nümayiş olunan xalq oyunları, rəqslər, Vətənimizi tərənnüm edən
musiqilər, Keçəllə Kosanın məzəli əhvalatları və musiqi ustalarının
ifaları abşeronluların əhvali-ruhiyyəsinə bayram ovqatı qatıb.
Fiziki məhdudiyyətli şəxslərin əl işlərindən ibarət sərgi və
yarmarka iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Gəzintidən sonra incəsənət xadimlərinin iştirakı ilə konsert
proqramı təqdim edilib, ədəbi- bədii səhnələr göstərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir