ADPU-da Novruz bayramına həsr olunmuş silsilə tədbirlər davam edir (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Novruz bayramı
münasibətilə silsilə tədbirlər davam edir.
Martın 17-də Məktəbəqədər təhsil fakültəsinin Tələbə Elmi Cəmiyyəti
(TEC) və Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə Novruz
bayramı tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət
Himninin səsləndirilməsi və Vətən uğrunda şəhid olanların
xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.

ADPU-dan Trend-ə
bildirilib ki, fakültənin dekanı dosent Nailə Hüseynova
professor-müəllim heyətini və tələbələri Novruz bayramı münasibəti
ilə təbrik etdi. Daha sonra Məktəbəqədər təhsilin pedaqogikası
kafedrasının müdiri professor Müseyb İlyasov, Pedaqoji psixologiya
kafedrasının müdiri professor Şəhla Əliyeva, Ümumi psixologiya
kafedrasının müdiri professor Ramiz Əliyev və Xüsusi təhsil
kafedrasının müdiri dosent Simnarə Heydərova da bayram
təəssüratlarını və təbriklərini çatdırdılar.

Tələbələrin milli rəqsləri, Novruz bayramı ilə bağlı səhnələri
tədbirə xüsusi rəng qatdı.

Eyni gündə ADPU SABAH Mərkəzində də baharın müjdəçisi Novruz
bayramına həsr olunmuş “Bahar sədası” adlı tədbir keçirilib. ADPU
TGT və ADPU SABAH qruplarının təşkilatçılığı ilə keçirilən tədbir
Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, Vətən uğrunda
canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad
edilib.

Açılış nitqi ilə çıxış edən universitetin sosial və humanitar
məsələlər üzrə prorektoru professor Fikrət Rzayev Novruz bayramının
xalqımızın şüurunda bolluq və bərəkətin, xeyirxahlığın təcəssümü
kimi kök saldığını, insanları daim birliyə, sülhə və əmin-amanlığa
səslədiyini qeyd edib.

Strateji inkişaf məsələləri üzrə prorektor Könül Pirverdiyeva da
bütün tədbir iştirakçılarını təbrik edərək, baharın gəlişi ilə xoş
günlər qeyd etmələrini arzulayıb.

ADPU SABAH Mərkəzinin rəhbəri Lalə Mürsəlbəyova və ADPU TGT
sədri Təhmasib İmaməliyev əsrlərin yaddaşında silinməz izlər qoyan
Novruz bayramının ənənəvi dəyərlərimizin təşəkkülündə mühüm rol
oynadığını bildirərək, müəllim və tələbələri səmimi-qəlbdən təbrik
etdilər.

Daha sonra AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun
Kitabxana və biblioqrafiyaşünaslıq şöbəsinin elmi işçisi Aytən
Əliyeva Novruz bayramının tarixi, əsas xüsusiyyətləri, adət və
ənənələri barədə ətraflı məlumat verdi.

ADPU TGT-nin “Buta” instrumental musiqi ansamblının ifasında
“Yaşa Azərbaycan”, “Ala gözlüm”, “İncə bellim” mahnıları,
kinofilmlərdən retro musiqilər səsləndirilib. Tələbələr tərəfindən
hazırlanan, qədim adətlərimizi özündə əks etdirən səhnəciklər
nümayiş olundu.

Pedaqoji Universitetin Quba filialında isə “Novruz” kubokunun
qalibi bəlli olub.

ADPU-nun Quba filialı ilə Gənclərin İnkişaf və Karyera
Mərkəzinin (GİKM) Quba Nümayəndəliyinin birgə təşkilatçılığı
“Xəmsə” Milli İntellektual Oyunu üzrə keçirilən “Novruz” kubokunda
yarımfinal mərhələsindən keçən “Sirius”, “Miracle”, “Difai” və
“BOT” komandaları finala vəsiqə qazanaraq turnirin qalibi olmaq
uğrunda mübarizə aparıblar. Yekunda bütün rəqiblərini qabaqlayan
“Miracle” komandası 2600 xalla kubokun sahibi olub.

Komanda üzvlərinə hədiyyələr və kubok təqdim olunub.

ADPU-nun Şamaxı filialında da Novruz şənliyi keçirilib.

Xalqımızın adət-ənənələrini özündə əks etdirən tədbirdə filialın
rəhbərliyi, müəllim və tələbə heyəti iştirak edib. Şənlikdə
tələbələrin hazırladığı bayram xonçaları, müxtəlif növ şirniyyatlar
və Novruz bayramı ilə bağlı maraqlı əl işləri sərgilənib. Milli
geyimdə olan tələbələrin musiqi sədaları altında ifa etdikləri
rəqslər, bayramın rəmzlərindən olan səməni və xonçaların nümayişi,
Novruz personajları – Kosa, Keçəl və Bahar qız tədbir
iştirakçılarına xoş ovqat bəxş edib. TGT nəzdində fəaliyyət
göstərən Rəqs Klubunun fəal üzvləri “Səməni” , “Sozaleh” kimi rəqs
nömrəli təqdim ediblər.
Bayram şənliyində tələbələrin iştirakı ilə kiçik səhnəciklər
nümayiş olunub, maraqlı oyunlar, ən yaxşı süfrə dekorasiyası, ən
gözəl şəkərbura bəzəyi, yumurta boyanması, səməni, yumurta döyüşü
kimi yarışlar keçirilib. Yarışlarda qalib olan tələbələrə diplomlar
və hədiyyələr təqdim olunub.

Şənlikdə, həmçinin bayram tonqalı qalanıb, müəllim və tələbələr
tonqal ətrafında yallı gediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir