Bakıda təmizlik və abadlıqla bağlı ümumşəhər daxili iməcliyi keçirilib

Bakı. Trend:

Bakı Şəhər İcra Hakimiyyətinin qərarına uyğun olaraq yaz mövsümü
ilə əlaqədar mart ayının 18-də paytaxt ərazisində təmizlik və
abadlıqla bağlı ümumşəhər daxili iməcliyi keçirilib.

Trend xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti qurumlarının
əməkdaşlarının iştirakı ilə səhər saatlarından başlanan iməclik
paytaxtın bütün rayonlarını əhatə edib. İməclik zamanı paytaxtın
kommunal xidmətləri tərəfindən şəhərdə prospekt və küçələrin, səki
kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol
kənarındakı məhəccərlərin, bir sıra binaların fasadlarının, park və
istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib.

İməclikdə həm də prospekt və küçələr boyunca yerləşən ictimai
iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus
dayanacaqları yuyulub, ətrafı təmizlənib. İctimai iaşə, mağaza və
digər obyektlərin əməkdaşları öz obyektlərinin fasad və
vitrinlərinin yuyulması, onların qarşısında səliqə-səhman
yaradılması işlərində fəallıq göstəriblər. Həmçinin Bakı Şəhər İcra
Hakimiyyətinin çağırışına qoşulan müəssisə, idarə və təşkilatların
kollektivləri, şəhər sakinləri də bu iməclikdə yaxından iştirak
ediblər.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları
tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı
ağacların dibi yumşaldılıb, qurumuş budaqları budanıb, həmişəyaşıl
ağaclar yuyulub. Eyni zamanda, şəhər ərazisində Abşeron iqliminə
uyğun yeni ağaclar, kollar, güllər əkilir, yaşıllıq zolaqları və
parklarda qazon örtüyünün yenilənməsi aparılır.

Bakı Şəhər İcra Hakimiyyəti kommunal təsərrüfat xidmətlərinin
texnikası əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını
aparıb, əməkdaşlar tərəfindən balansda olan yaşayış binalarında,
həyət və yaşayış məhəllələrində, məişət tullantılarının atıldığı
konteyner meydançalarının ətrafında əlavə təmizlik işləri
görülüb.

İməclik tədbirləri gün ərzində paytaxtın bütün rayonlarında
keçirilib və şəhərin təmizliyinin lazımı səviyyədə saxlanılması
üçün tələb olunan bütün tədbirlər mütəmadi olaraq davam
etdiriləcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir