
Bakıda ümumşəhər daxili iməcliyi keçirilib (FOTO)
Bakı. Trend:
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qərarına uyğun olaraq yaz
mövsümü ilə əlaqədar mart ayının 18-də paytaxt ərazisində təmizlik
və abadlıqla bağlı ümumşəhər daxili iməcliyi keçirilib.
BŞİH-dən Trend-ə bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyəti
qurumlarının əməkdaşlarının iştirakı ilə səhər saatlarından
başlanan iməclik paytaxtın bütün rayonlarını əhatə edib. İməclik
zamanı paytaxtın kommunal xidmətləri tərəfindən şəhərdə prospekt və
küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq
dirəklərinin, yol kənarındakı məhəccərlərin, bir sıra binaların
fasadlarının, park və istirahət yerlərində oturacaqların yuyulması
həyata keçirilib.
İməclikdə həm də prospekt və küçələr boyunca yerləşən ictimai
iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus
dayanacaqları yuyulub, ətrafı təmizlənib. İctimai iaşə, mağaza və
digər obyektlərin əməkdaşları öz obyektlərinin fasad və
vitrinlərinin yuyulması, onların qarşısında səliqə-səhman
yaradılması işlərində fəallıq göstəriblər. Həmçinin Bakı Şəhər İcra
Hakimiyyətinin çağırışına qoşulan müəssisə, idarə və təşkilatların
kollektivləri, şəhər sakinləri də bu iməclikdə yaxından iştirak
ediblər.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları
tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı
ağacların dibi yumşaldılıb, qurumuş budaqları budanıb, həmişəyaşıl
ağaclar yuyulub. Eyni zamanda, şəhər ərazisində Abşeron iqliminə
uyğun yeni ağaclar, kollar, güllər əkilir, yaşıllıq zolaqları və
parklarda qazon örtüyünün yenilənməsi aparılır.
Bakı Şəhər İcra Hakimiyyəti kommunal təsərrüfat xidmətlərinin
texnikası əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını
aparıb, əməkdaşlar tərəfindən balansda olan yaşayış binalarında,
həyət və yaşayış məhəllələrində, məişət tullantılarının atıldığı
konteyner meydançalarının ətrafında əlavə təmizlik işləri
görülüb.
İməclik tədbirləri gün ərzində paytaxtın bütün rayonlarında
keçirilib və şəhərin təmizliyinin lazımı səviyyədə saxlanılması
üçün tələb olunan bütün tədbirlər mütəmadi olaraq davam
etdiriləcəkdir.