
Bayram günlərində polis xidmətini gücləndirilmiş iş rejimində davam etdirəcək
Bakı. Trend:
Novruz bayramı günlərində də daxili işlər orqanlarının
əməkdaşları gücləndirilmiş iş rejimindəki xidmətlərini davam
etdirəcəklər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən
məlumata görə, Novruz bayramı şənlikləri və digər kütləvi tədbirlər
zamanı ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının
qorunmasının, xidməti vəzifələrin icrasının yüksək səviyyədə və
daha mütəşəkkil təmin edilməsi məqsədilə DİN-in bütün orqan və
hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimindəki
xidmətlərini davam etdirəcəklər.
Kütləvi tədbirlərin, o cümlədən bayram şənliklərinin təşkil
olunduğu, insanların sıx toplaşdığı yerlərdə polis naryadlarının
sayı artırılacaq. Respublika ərazisində, o cümlədən, avtomobil
yollarında ictimai qaydanın, hərəkətin təhlükəsizliyinin təmin
edilməsi məqsədi ilə qüvvə və imkanlar səfərbər ediləcək. Bayram
ərəfəsi və bayram günlərində həyat təminatlı mühüm əhəmiyyətli
obyektlərin mühafizəsi də ciddi nəzarətdə saxlanılacaqdır.