
Bu məlumatları ilk dəfə eşidəcəksiniz – “Yüz ilin sirləri” AzTV-də açılacaq (VİDEO)
Bakı. Trend:
Uzun fasilədən sonra “Yüz ilin sirləri” ekranlara
qayıdır.
Trend-in
məlumatına görə, AzTV-də yayımlanacaq verilişdə tamaşaçıları
keçmişə maraqlı, eyni zamanda, maarifləndirici virtual səyahət
gözləyir. Hüseyn Cavadzadənin sözügedən müəllif layihəsində son 100
il ərzində Azərbaycan tarixində silinməz izlər qoymuş tanınmış
şəxslərin həyat hekayələrinə yer veriləcək, onlar barədə heç yerdə
eşitmədiyiniz məlumatlar açıqlanacaq, ilk dəfə görəcəyiniz kadrlar
nümayiş olunacaq.
Martın 19-u saat 22:00-da AzTV-də efirə gedəcək “Yüz ilin
sirləri”nin ilk buraxılışında görkəmli ictimai xadim, türkoloq,
siyasətçi, jurnalist və pedaqoq Əhməd bəy Ağaoğludan bəhs olunacaq.
Şuşada doğulmuş, Fransada təhsil almış perspektivli siyasi lider
Vətəni niyə tərk edib? Zeynalabdin Tağıyevlə konfliktinin hansı
gizlin tərəfləri var idi? Atatürkün ən yaxın ailə dostu niyə onun
düşməninə çevrilib? Bütün bu suallara “Yüz ilin sirləri”ndə cavab
tapacaq, Türkiyə, Fransa və Malta arxivlərindən eksklüziv fotolarla
tanış olacaq, tədqiqatçıların dilindən Malta sürgününün, məxfi
məktubların detallarını öyrənəcəksiniz.
Qeyd edək ki, çəkilişlər Bakı və İstanbulda aparılıb. “Yüz ilin
sirləri”ndə TV-də ilk dəfə olaraq Ağaoğlunun nəticələri – Əhməd bəy
Ağaoğlu və Ayşə Güvənin fikirlərinə də yer ayrılıb.