Dəmir filizi mədənlərinin istismarı üzrə bir sıra uğurlar əldə edilib

Bakı. Trend:

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) törəmə şirkəti olan
“Daşkəsən Dəmir Filiz” (DDF) MMC tərəfindən ölkəmizin və regionun
ən böyük dəmir filizi mədənlərinin istismarı üzrə uğurlu fəaliyyət
aparılır. “Şimal-şərq”, “Şimal-qərb” və “Cənub-şərq” üzrə dəmir
filizlərinin açıq üsulla, digərlərindən isə şaxta üsulu ilə
çıxarılmasının mümkün olduğu müəyyənləşdirilib. Açıq hasilat
üsulundan fərqli olaraq, şaxta üsulu ilə istismarın daha mürəkkəb
və uzun sürən proses olduğu nəzərə alınaraq, daha tez nəticələrin
əldə edilməsi məqsədilə birinci mərhələdə “Şimal-qərb” və
“Cənub-şərq” yataqları üzrə fəaliyyətə başlanılıb.

Müasir standartlara uyğun olaraq aparılmış mineral ehtiyatların
yenidən qiymətləndirilməsi nəticəsində yerin təkində olan
resurslarda 67.37 milyon ton artım əldə edilib.
Beləliklə, “Şimal-qərb” və “Cənub-şərq” yataqlarının cəmi
ehtiyatları 117.6 milyon tondan 184.97 milyon tona
çatdırılıb. Bu iki yataq üzrə Böyük Britaniyanın beynəlxalq
təcrübəli məsləhətçi “Micon International” şirkəti ilə birgə müasir
texnologiyanın tətbiqi ilə 21 illik istismar planı
hazırlanıb. Bununla belə, istismar planının 30 ilədək
artırılması
məqsədilə “Daşkəsən” dəmir filizi sahəsində 5
yataq üzrə kəşfiyyat-tədqiqat işləri davam etdirilir.

Qeyd edilən istismar planına uyğun olaraq, 2025-2026-cı illər
aralığında dəmir filizi istehsalının təşkili çərçivəsində 2022-ci
ildən həmin ilin sonunadək 350 min ton filiz
çıxarılaraq filiz anbarında toplanıb. Cari il ərzində isə istismar
planına əsasən, hədəf 1.66 milyon tonhəcmində
filizin çıxarılmasıdır.

əmir filizinin istehsal edilməsi ilə ölkədə təkrar emal edilən
metal qırıntılarının yüksək keyfiyyətli xammalla əvəzlənməsi,
metallurgiya sənayesinin idxaldan asılılığının azaldılması,
həmçinin ixracyönümlü polad məhsullarının hazırlanması üçün artan
tələbatın ödənilməsi hədəflənir. Bu məqsədlə iqtisadi cəhətdən
səmərəli və ən optimal texnoloji həllərlə yeni istehsal zəncirinin
yaradılması nəzərdə tutulur. İstehsal zəncirinə 67% dəmir tərkibli
daha keyfiyyətli konsentratın istehsalı, növbəti mərhələdə pellet
və 95% dəmir tərkibli birbaşa reduksiya olunmuş dəmir (DRI – Direct
Reduced Iron) və isti brektəşdirilmiş dəmirin (HBI – Hot Briquetted
Iron) istehsalı planlaşdırılır.

Ötən il dəmir filizi konsentratının istehsalı üçün dəmir filizi
mədənlərin yaxınlığında – Daşkəsən rayonunda inşa edilməsi nəzərdə
tutulan zənginləşdirmə zavodunun inşası layihəsi
ilə bağlı yerli mühəndislik və məsləhətçi şirkət olan “ENCOTEC” QSC
tərəfindən İlkin Layihələndirmə işləri aparılıb. Zavod ərazisində
yeni tikiləcək əsas və köməkçi binaların tikintisi, yararsız
binaların sökülməsi üçün layihələndirmə işləri davam etdirilib.
Bundan başqa, yardımçı binalar və yardımçı infrastruktur (su,
elektrik və s.) üzrə təfərrüatlı layihələndirmə işlərinə
başlanılıb, istehsalat və inzibati ərazi üzrə baş plan hazırlanıb.
Zavod ərazisində bərpa və yenidənqurma işləri aparılıb.

“Daşkəsən” dəmir filizi sahəsindən konsentrat ötən illərdə kanat
xətti ilə rayonun Quşçu qəsəbəsində yerləşən yükləmə məntəqəsinə
nəql edilir, oradan isə dəmir yolu vasitəsi ilə yükdaşıma təmin
edilirdi. Uzun müddət istismarda olmuş sözügedən aktivlərin hazırda
yararsız vəziyyətdə olduğunu nəzərə alaraq, yeni infrastrukturun
qurulması üçün alternativ və daha səmərəli həll yolları
dəyərləndirilib. Beynəlxalq təcrübə nəzərə alınmaqla aparılmış
araşdırmalar nəticəsində Daşkəsən rayonundan Gəncə şəhərinin
inzibati ərazisində yerləşəcək pellet zavoduna daşınmasını təmin
etmək məqsədilə ölkəmizdə ilk dəfə tətbiq edilməsi planlaşdırılan
şlam boru kəməri ilə nəqletmə prosesinin texniki
və maliyyə baxımından daha səmərəli olduğu müəyyən edilib. Bu
istiqamətdə qlobal “Paterson&Cooke” şirkətinin Böyük Britaniya
ofisi tərəfindən İlkin Layihələndirmə və Əsas Layihələndirmə işləri
aparılıb. Layihələndirmə işləri çərçivəsində boru xəttinin
marşrutu, konstruktiv və mexaniki tələbləri müəyyənləşdirilib,
həmçinin sınaq işləri icra edilib. Hazırda təfərrüatlı
layihələndirmə işləri sürətlə davam etdirilir.

Layihəyə əsasən, 45 km uzunluğa malik boru xəttinin inşası ilə
Daşkəsəndə istehsal edilmiş dəmir konsentratı su ilə qarışdırılaraq
şlam halında Gəncə şəhəri istiqamətində nəql ediləcək. Şlam boru
xəttinin sonunda qurulacaq susuzlaşdırma stansiyasında konsentrat
və su ayrılacaq, ayrılmış konsentrat pellet, texniki su isə pellet
və DRI/HBI istehsalı prosesində istifadə olunacaq.

Gələcəkdə istehsal olunacaq pellet və DRI/HBI məhsulunun həm
ölkə ərazisində, həm də ixrac məqsədilə daşınması üçün Gəncə
şəhərinin əlverişli coğrafi mövqeyi nəzərə alınaraq, sözügedən
məhsullarının istehsalı müəssisələrinin adıçəkilən şəhərin inzibati
ərazisində qurulması planlaşdırılıb. Bu məqsədlə pellet
istehsalı zavodu
üzrə podratçı qismində cəlb edilmiş
Almaniyanın “NewFer” şirkəti tərəfindən start verilmiş İlkin
Layihələndirmə işləri hazırda davam etdirilir. Ötən müddət ərzində
konsentrat və pelletüçün metallurji sınaqlar da həyata
keçirilib.

İstehsal zəncirinin son halqası olaraq Gəncə şəhərinin inzibati
ərazisində qurulması nəzərdə tutulan ikinci müəssisə –
DRI/HBI məhsullarının istehsalı zavodunun inşası
layihəsi ilə əlaqədar ötən il Avstriyanın nüfuzlu “Horst Wiesinger
Consulting” şirkətinin iştirakı ilə texnologiya seçimi üzrə
əməliyyat və kommersiya təhlilləri aparılıb. Potensial olan
İtaliya, ABŞ, Yaponiya şirkətlərinə məxsus istehsal texnologiyaları
araşdırılıb.

Qeyd edək ki, qurulması nəzərdə tutulan zavodların əhəmiyyətli
miqdarda elektrik enerji mənbəyinə tələbatının formalaşacağı nəzərə
alınaraq, alternativ enerji resurslarından istifadə imkanlarının
qiymətləndirilməsi məqsədilə danışıqlar aparılır. Həmçinin pellet və DRI/HBI
zavodlarının tikintisi nəzərdə tutulan ərazinin ayrılması üçün
müvafiq dövlət orqanları ilə fəaliyyət davam etdirilir.

Ötən il böyük investisiya tələb edən və kifayət qədər mürəkkəb
olan istehsal zəncirinin yaradılması ilə bağlı görülən işlərə
44 milyon 64 min manat vəsait sərf edilib. Dövlət
büdcəsinə əlavə yük olmamaq üçün xarici investorun cəlb edilməsi, o
cümlədən müxtəlif maliyyə alətlərindən istifadə imkanlarının
araşdırılması istiqamətində fəaliyyət davam etdirilir.

Xatırladaq ki, DDF MMC-nin nizamnamə kapitalının artırılmasına
yönəldilmiş dövlət vəsaiti hesabına nizamnamə kapitalının ümumi
məbləği 183.9 milyon manat müəyyən edilib.
Layihənin dəyəri isə ƏDV daxil 1.5 milyard manat
təşkil edir. Sözügedən layihə ölkənin makro-iqtisadi
göstəricilərinə təsiri baxımından böyük töhfələr vəd edir. Dəmir
filizi yataqlarının istismara verilməsi ilə 2035-ci ilədək ÜDM-ə
milyardlarla manat həcmində töhfə veriləcəyi və
böyük həcmdə vergilərin ödəniləcəyi proqnozlaşdırılır. Ölkəmizin
qeyri-neft-qaz sektorunun inkişafına xidmət edən layihənin icra
müddətində birbaşa və dolayı effekti nəzərə alaraq,
yüzlərlə daimi iş yerinin açılması ilə
Gəncə-Daşkəsən iqtisadi rayonunun məşğulluq göstəricisinə
əhəmiyyətli töhfə verilməsi planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir