
DİN xəbərdarlıq etdi: Kiberdələduzlara aldanmayın
Bakı. Trend:
Son vaxtlar sosial şəbəkələrdən istifadə edilməklə müxtəlif
kiberdələduzluq əməllərin törədilməsi hallarının getdikcə çoxalması
müşahidə olunmaqdadır. Həmin sosial şəbəkə səhifələrində ölkənin
tanınmış şəxslərinin və şirkətlərinin ad və loqolarından istifadə
edilməklə guya elektron lotereya oyunlarında, mükafat fondu olan
müsabiqələrdə böyük məbləğdə pul uduşunun olması, müvafiq mükafatın
rəsmiləşdirilməsi üçün uduşun müəyyən hissəsinin təqdim olunan bank
hesabına köçürülməsinin zəruriliyi qeyd olunur, həmçinin
investisiya platformalarında və maliyyə birjalarında yatırım edib
qısa müddət ərzində gəlir əldə etmək kimi şirnikləndirici vədlər
verilir. Deyilən vədlərə inanan bəzi insanlar isə bundan sonra
kiberdələduzların qurbanına çevrilirlər.
Trend-in
məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat
yayıb.
“Bu cür kiberdələduzluq hallarının qurbanına çevrilməmək üçün
bir daha vətəndaşlarımızı internet resurslarından, o cümlədən
sosial şəbəkələrdən istifadə edərkən ayıq-sayıq olmağa, işbazların
şirnikləndirici təkliflərinə inanmamağa çağırırıq. Belə hallarla
üzləşdikləri təqdirdə isə dərhal polis əməkdaşlarına, həmçinin
Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat
versinlər”, -deyə DİN-in yaydığı məlumatda qeyd olunur.