
MDU əməkdaşları Novruz bayramı münasibətilə şəhid ailələrini ziyarət ediblər
Bakı. Trend:
2023-ci ilin martın 18-də Mingəçevir Dövlət Universitetinin
(MDU) bir qrup əməkdaşı Novruz bayramı münasibətilə bu ali təhsil
müəssisəsinin 44 günlük Vətən Müharibəsində şəhid olmuş məzunları
Kənan Abdullayev, Oruc Nəcəfli və Əzəmi Hüseynovun, mingəçevirli
Aprel döyüşləri şəhidləri Adil Adilzadə, Teymur Qasımov, Rüstəm
Əhmədov və Rahim Tağıyevin ailələrini ziyarət ediblər.
Universitetin kollektiv üzvləri, həmçinin, hazırda hər iki övladı
MDU-da təhsil alan şəhid Yasən Əhmədovun da ailəsinə baş
çəkiblər.
MDU-dan Trend-ə
verilən məlumata görə, ailə üzvləri ilə görüşlərdə ölkəmizin ərazi
bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi dərin
ehtiramla yad edilib, onların ailələrinə bayram sovqatları təqdim
olunub.
Şəhid ailələri onlara göstərilən yüksək diqqət və qayğıya görə
dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.