NEQSOL Holding “YAŞAT” Fonduna 500 min manat vəsait ayırıb

Bakı. Trend:

NEQSOL Holding Novruz bayramı münasibətilə “YAŞAT” Fonduna 500
000 AZN vəsait ayırıb. Holdinqin qərarı ilə məbləğin yarısı
tərkibində olan Bakcell şirkəti tərəfindən ianə şəklində fondun
hesabına köçürülüb. Vəsaitin digər yarısı isə NEQSOL Holding-in
dəstəyi ilə “YAŞAT” Fondu tərəfindən bu il icra ediləcək xüsusi
sosial layihələrə ayrılıb.

“YAŞAT” Fonduna köçürülən ianə Azərbaycan Respublikasının ərazi
bütövlüyünün müdafiəsi uğrunda mübarizədə yaralanaraq əlilliyi
təyin olunmuş şəxslərin və şəhid ailəsi üzvlərinin müalicə və
psixoloji dəstək, eləcə də təhsil xərclərinin maliyyələşdirilməsi
və digər sosial ehtiyacları üçün nəzərdə tutulur.

Xüsusi layihələr çərçivəsində isə NEQSOL Holding-in maliyyə
dəstəyi ilə “YAŞAT” Fondu tərəfindən 1000 nəfərdən çox məktəbli
şəhid övladının bu ilin sentyabr ayında 1 illik müddət üçün məktəb
ləvazimatları ilə təminatı və digər sosial layihələrin icrası da
nəzərdə tutulur.

Beləliklə, 2021-ci ildən etibarən köçürülmüş ianələr və hazırkı
məbləğ də daxil olmaqla, NEQSOL Holding-in qərarı ilə tərkibindəki
Bakcell, Norm, Azerconnect və Nobel Energy şirkətləri “YAŞAT”
Fonduna ümumilikdə 3,2 milyon AZN vəsait ayırıb.

NEQSOL Holding qarşıdan gələn Novruz bayramı münasibətilə bütün
Azərbaycan xalqını təbrik edir, hər kəsə cansağlığı, xoşbəxtlik və
firavan gələcək arzulayır.

NEQSOL Holding doqquz ölkədə enerji, telekommunikasiya, yüksək
texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq
şirkətlər qrupudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir