
Prezident İlham Əliyev: Ermənistan rəhbərliyini çirkin əməllərdən çəkindirmək üçün xəbərdar edirik
Bakı. Trend:
Əfsuslar olsun ki, bu gün İkinci Qarabağ müharibəsinin ibrət
dərsi Ermənistana hələ ki, dərs olmayıb. Çünki biz görürük ki,
Ermənistanda revanşist qüvvələr baş qaldırıb. Ermənistanda yenə də
Azərbaycana qarşı, Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları
qaldırılır.
Trend xəbər verir ki, bu sözləri martın 18-də Prezident İlham
Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində
Azərbaycan xalqına müraciətində deyib.
“Biz Ermənistan rəhbərliyini bu çirkin əməllərdən çəkindirmək
üçün xəbərdar edirik. Ermənistanın arxasında dayanan bəzi ölkələri
də bax, buradan – azad edilmiş Talış kəndindən xəbərdar edirik ki,
əl çəkin bu çirkin əməllərdən. Azərbaycan dövlətinin, xalqının
iradəsinə heç bir kənar qüvvə təsir edə bilməz”, – deyə
dövlətimizin başçısı bildirib.