Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonuna səfər ediblər
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci
xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər
rayonuna səfər ediblər.
Trend xəbər verir ki, dövlətimizin başçısı
Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası yolunun açılışında
iştirak edib.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və
qızları Arzu Əliyeva Suqovuşan qəsəbəsində orta məktəb binasında
yaradılan şəraitlə tanış olub, yaşayış məhəlləsinin təməlqoyma
mərasimində iştirak ediblər.
Dövlətimizin başçısı, birinci xanım və qızları Arzu Əliyeva
Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı
təmiri, su anbarı boyunca yaradılan turizm infrastruktur
obyektlərinin tikintisi ilə də tanış olublar.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və
qızları Arzu Əliyeva Tərtər rayonunun Talış kəndinə gəlib, burada
kəndin Baş planı ilə tanış olub, inzibati binada, uşaq bağçasında,
tam orta məktəbdə yaradılan şəraitə baxıblar.
Sonra dövlətimizin başçısı Talış kəndində Novruz tonqalını
alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik
edib.
Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban
Əliyeva və qızları Arzu Əliyeva Klub icma mərkəzində yaradılan
şəraitlə tanış olub, kənd sakinləri ilə görüşüb söhbət ediblər.