
Prezident İlham Əliyevdən xəbərdarlıq: Bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək
Bakı. Trend:
Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də
onların ərazi bütövlüyünü tanımayacağıq. Ermənistan və onun
arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər ki, bizə qarşı
heç bir çirkin plan həyata keçməyəcək.
Trend xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham
Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində
xalqa müraciətində söyləyib.
Dövlətimizin başçısı bildirib ki, bizim həm gücümüz, həm
dostlarımız, dünyada güclü mövqelərimiz və güclü iradəmiz var.
Müharibə dövründə və müharibədən sonrakı dövrdə biz bunu nümayiş
etdirmişik.