
“TikTok” istifadəçilərə alqoritmi sıfırlamağa icazə verəcək
Bakı. Trend:
“Instagram”, “TikTok”, “Facebook” və bütün digər sosial media
platformaları alqoritmləri ilə istifadəçilərini maraqlandıracaq
məzmun təklif etməyi qarşısına məqsəd qoymuşdur.
Trend-in məlumatına görə, ancaq bəzən tətbiqdən istifadə
tərziniz və ya telefonunuzu dostunuza verdiyiniz 10 dəqiqəlik vaxt
alqoritmi sözün əsl mənasında alt-üst edə bilər və yayımınız sizi
maraqlandırmayan onlarla məzmunla doldurula bilər.
“TikTok” rəsmiləri isə bu problemə həll yolu tapmaq və
istifadəçilərin hər dəfə yeni hesab açmasını əngəlləmək üçün
“Yenilə” funksiyasını istifadəyə verib. Bu funksiya ilə
istifadəçilər istədikləri zaman alqoritmlərini sıfırlaya
biləcəklər.
İzlədiklərinizə və profilinizə bu sıfırlama təsir
etməyəcək.
“Yenilə” adlı bu yeni funksiya sayəsində istifadəçilər
“TikTok”un parametrlər bölməsinə daxil olaraq “Sizin üçün yenilə
nişanı” seçimini etdikdən sonra alqoritmdə saxladıqları məlumatları
sıfırlaya biləcəklər. Bununla belə, xatırladaq ki, bu funksiya
yalnız “TikTok”da “Sizin üçün yenilə nişanı” bölməsini sıfırlayır
və izlədiklərinizi, profilinizi və məzmun seçimlərinizi
dəyişməyəcək.
Həmçinin, rəsmilər bildirirlər ki, bu sıfırlamadan sonra onu
geri qaytara bilməyəcəksiniz.