Zakir Həsənov Novruz bayramı münasibətilə Azərbaycan Ordusunu təbrik edib

Bakı. Trend:

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik
Zakir Həsənov Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun
şəxsi heyətini təbrik edib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təbrikdə
deyilir:

– Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar,
çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!

Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər
birinizə möhkəm cansağlığı, çətin, eyni zamanda, şərəfli və
müqəddəs xidmətinizdə uğurlar arzulayıram.
Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti
nəticəsində dövlət səviyyəsində qeyd olunan və xalqımızın ən əziz
bayramı sayılan Novruz yazın gəlişindən, təbiətin oyanışından xəbər
verir. Şərqlə Qərbin qovuşduğu Azərbaycan qədim zamanlardan müasir
günümüzədək milli-mənəvi dəyərlərimizə əbədiyaşarlıq qazandıraraq
Novruz ənənələrini qoruyub saxlamışdır. Xalqımız ən sərt dönəmlərdə
belə Novruzun gəlişini özünəməxsus coşqu, sevinc, yüksək
əhval-ruhiyyə ilə qeyd edib. Əsrlər boyu odlar yurdu Azərbaycanda
Novruz ənənələrinin yaşanması xalqımızın milli-mənəvi dəyərlərinə
verdiyi ən böyük qiymətin bariz nümunəsidir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı canab İlham Əliyevin apardığı uğurlu siyasət
nəticəsində müstəqil Azərbaycanda vətəndaş həmrəyliyi əldə olunub,
ölkəmiz dünya dövlətləri sırasında ən layiqli yerlərdən birini
tutub. Bu gün respublikamızın iqtisadiyyatının fasiləsiz inkişafı
təmin olunub, dövlətçilik ənənələri daha da möhkəmlənib.
Dövlətimizin inkişafında prioritet istiqamətlərdən hesab edilən
ordunun hərbi qüdrətinin gündən-günə artırılması məqsədilə atılan
addımlar ölkədə həyata keçirilən islahatların əsas tərkib
hissələrindəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin rəhbərliyi altında dövlət və ordu quruculuğu istiqamətində
görülən mühüm işlər sayəsində Azərbaycanın dünyada nüfuzu daha da
artaraq xalq-dövlət-ordu birliyi ən yüksək səviyyəyə çatmışdır.

Bu inamlı fəaliyyətlərin məntiqi nəticəsidir ki, Müzəffər Ali
Baş Komandanın sərkərdəliyi ilə erməni silahlı birləşmələrinin
törətdiyi genişmiqyaslı təxribatlara qarşı rəşadətli Azərbaycan
Ordusu başladığı uğurlu əks-hücum əməliyyatında, 44 günlük Vətən
müharibəsində əsgər və zabitlərimizin qəhrəmanlığı, fədakarlığı
sayəsində tarixi torpaqlarımızı düşmən işğalından azad etdi.
Müzəffər Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti,
qətiyyətli mövqeyi, ordumuzun gücü, peşəkarlığı parlaq Qələbəni
təmin etdi, ərazi bütövlüyü bərpa olundu. Bu gün rəşadətli ordumuz
işğaldan azad olunmuş ərazilərdə öz mövqelərini daha da
möhkəmləndirərək genişmiqyaslı bərpa-quruculuq işlərinə layiqli
töhfələrini verməkdədir.

Hərbi anda sədaqətə, çətin və şərəfli hərbi xidmətdə fədakarlığa
görə hər birinizə minnətdarlığımı bildirirəm.

Azərbaycan Respublikasının suverenliyi, müstəqilliyi və ərazi
bötövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsini hər
zaman olduğu kimi Novruz bayramı ərəfəsində də dərin hörmət və
ehtiramla yad edirik.

Şəhid ailələri daima Ali Baş Komandan cənab İlham Əliyev və
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı
ilə əhatə olunur. Onların problemlərinin həlli istiqamətində
müxtəlif layihələr icra edilir.

Vətən uğrunda şəhid olanların valideynlərini, ailələrini,
sağlamlığını itirən silahdaşlarımızı, əziz veteranları bayram
münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.
Arzu edirəm ki, Novruz bayramı gəlişiylə ailələlərinizə firavanlıq,
xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət gətirsin.

Bir daha hər birinizi Novruz bayramı münasibətilə ürəkdən təbrik
edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli
xidmətinizdə yeni uğurlar arzulayıram.
Novruz bayramınız mübarək olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir