
Azərbaycan XİN Ermənistan siyasi rəhbərliyini sülh imkanlarına xələl gətirən təxribat və bəyanatlardan, yalançı ritorikadan çəkinməyə çağırıb
Bakı. Trend:
Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddialarının davam
etdiyini göstərən, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini
hədəf alan, daxili işlərinə kobudcasına müdaxilə edən Ermənistan
XİN-in 18 mart tarixli bəyanatını qətiyyətlə pisləyir və rədd
edirik.
Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin
mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər
Nazirliyinin Azərbaycan əleyhinə 18 mart tarixli bəyanatına dair
şərhində deyilir.
“Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı olmuş keçmiş
məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının başlanmasını
həzm edə bilməyən Ermənistanı bir daha regionda 44 günlük Vətən
müharibəsi nəticəsində yaranmış reallığı dərk etməyə və təcavüzkar
addımlardan və revanşist siyasətdən çəkinməyə təkidlə
çağırırıq.
Beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının dörd
qətnaməsinə zidd olaraq Azərbaycan ərazilərini 30 il ərzində işğal
altında saxlayan, 1 milyona yaxın azərbaycanlını öz doğma
torpaqlarından zorla qovan, bölgədə Azərbaycana məxsus bütün tarixi
və dini abidələri vəhşicəsinə dağıdan Ermənistanın azərbaycanlı
məcburi köçkünlərin öz yurdlarına qayıdışının Üçtərəfli bəyanatın
“pozuntusu” və “qanunsuz məskunlaşma” kimi qələmə verməsi
riyakarlığın növbəti açıq təzahürüdür. Bu bəyanat Ermənistanın
irqçi ayrı-seçkilik və nifrət xislətini nümayiş etdirir.
Bu bəyanat eyni zamanda, azərbaycanlılara qarşı onilliklər
ərzində genişmiqyaslı etnik təmizləmə siyasəti həyata keçirmiş
monoetnik dövlət olan Ermənistanın nəinki öz ərazisindən, hətta
Yaxın Şərq ölkələrindən erməniləri işğal etdiyi ərazilərimizdə
qanunsuz məskunlaşdırmaqla güddüyü mənfur məqsədə – saxtakarcasına
Azərbaycan ərazilərini “erməniləşdirmək” və Azərbaycanlıların geri
qayıdışına hər vəchlə mane olmaq məqsədindən əl çəkmədiyini nümayiş
etdirir.
Qeyd edək ki, Azərbaycan Respublikasının yaşayış məntəqələrinə
qondarma adlarla istinad edilməsi Ermənistanın ölkəmizə qarşı ərazi
iddialarının daha bir təzahürüdür. Görünür ki, beynəlxalq hüquq,
ərazi bütövlüyünə hörmət prinsipi ilə yenicə tanış olan Ermənistan
bu sahədə maariflənmə fəaliyyətini hələ davam etdirməlidir.
Praqa və Soçi bəyanatları Ermənistanın Azərbaycana qarşı ərazi
iddialarına son qoyub, onun suverenliyi və ərazi bütövlüyünü
tanıması və hörmət etməsini tələb edir. Buna baxmayaraq, Ermənistan
Xarici İşlər Nazirliyinin bu bəyanatı daxil olmaqla, bu ölkənin
siyasi rəhbərliyinin son vaxtlar daha da kəskinləşən ritorikası,
təcavüzkar mahiyyətli bəyanatları, xüsusilə Azərbaycanın ərazi
bütövlüyü və suverenliyini birbaşa hədəf alan hərəkətləri
Ermənistanın növbəti dəfə sülh üçün yaranmış tarixi fürsətdən
istifadə etmək niyyətində olmadığını nümayiş etdirir.
2020-ci il müharibəsindən sonra sülh sazişi imzalanması
təşəbbüsü ilə çıxış edən, münasibətlərin qurulması üzrə 5 baza
prinsiplərini və sülh sazişi mətnini təqdim edən Azərbaycanın sülh
sazişində maraqlı olmadığının Ermənistan tərəfindən iddia olunması,
saxtakarlığın növbəti dəfə açıq-aşkar nümunəsidir. Azərbaycanın
sülh sazişi imzalamaq təklifinə bir ildən artıq müddətdə cavab
verməyən, daha sonra sülh sazişinin imzalanmasını adətən uzun
müddət çəkən delimitasiya prosesi və digər destruktiv təkliflərlə
şərtləndirən Ermənistanın müxtəlif bəhanələrlə sülh sazişinə
maneçilik törətməsi, müəyyən elementləri qabardaraq danışıqlar
prosesinin mahiyyəti barədə çaşqınlıq yaratması yaxşı məlumdur.
Ermənistan bu kimi bəyanatlarla, sülh sazişi üzrə danışıqlar
prosesini süni şəkildə ləngitməsini, habelə 2022-ci ilin dekabr
ayında danışıqların növbəti raundundan imtina edilməsi ilə prosesə
son zərbəsini ört-basdır etməyə cəhd edir.
Məlum olduğu kimi, hələ 2020-ci il müharibəsindən əvvəl Baş
nazir Nikol Paşinyan hakimiyyətə gələn ilk gündən etibarən
Ermənistan tərəfindən həm sözdə, həm də əməldə törədilmiş
təxribatlar zənciri keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin
nizama salınması üzrə danışıqlar prosesinə zərbə vurmuş və
regiondakı gərginliyin ciddi şəkildə artmasına gətirib çıxarmışdı.
N.Paşinyanın rəhbərliyi altında Ermənistan “yeni ərazilər üçün yeni
müharibə” konsepsiyasını nəzərdə tutan və bu ölkənin danışıqlar
prosesində strateji məqsədini müharibənin nəticələrini qoruyub
saxlamaq kimi müəyyən edən hərbi doktrina və milli təhlükəsizlik
strategiyası qəbul etdiyi, cəzasızlıq sindromuna qapılaraq 2020-ci
il iyul toqquşmalarından sonra Azərbaycana qarşı 7 əsassız şərt
irəli sürməsi yaxşı məlumdur.
Ermənistan tərəfi şərt sürmək alışqanlığını unutmayaraq, indi
də, Azərbaycanın erməni sakinlərinin reinteqrasiyası fəaliyyətinə
müdaxilə edir. Ermənistan tərəfi Azərbaycan tərəfinin erməni
sakinlərlə dialoq aparmaq istiqamətində qərarlı fəaliyyətinə mane
olmaq məqsədilə, erməni sakinlərinin nümayəndələrini növbəti
dialoqun Bakıda keçirilməsi təklifinə qarşı çıxmasına və prosesə
dair 3 şərt irəli sürülməsinə vadar edən təxribatlara yol verir.
Ermənistan tərəfinin bununla, son iki ildə yeni Laçın yolunun
çəkilişi, Sərsəng su anbarı və bir sıra digər istiqamətlərdə erməni
sakinlərlə uğurlu dialoqu həzm etmədiyi görünür. Ermənistan
tərəfinin “reinteqrasiya” termininə düşmən münasibətini
gizlətməməsi və bu anlayışı dialoq və sülhə qarşı çağırış kimi
qələmə verməsi, onun əsassız ərazi iddialarını yeni forma və yeni
adlar altında davam etdirmək niyyətindən xəbər verir. Ermənistan
tərəfi bölgədə sülhdə maraqlıdırsa, Azərbaycanın mərkəzi hakimiyyət
orqanlarının erməni sakinlərin reinteqrasiya məqsədli təmaslarına
müdaxilə etməyə, buna əngəl törətmək cəhdlərinə son qoymalıdır.
Ermənistan XİN-in bu ölkənin monoetnik dövlət olmamasını
beynəlxalq ictimaiyyəti inandırmaq cəhdlərini Ermənistanın əslində
monoetnikliyin çoxmillətli Qafqaz bölgəsində anomaliya olduğunu
anlamaq istiqamətində ilk addımları kimi qiymətləndirmək olar.
Azərbaycanın çoxmillətli dövlət kimi uğurları əleyhinə Ermənistanın
iddiaları ilə bağlı qeyd edək ki, Azərbaycan ərazisində bir çox
etnik xalqların vəhdəd və sabitlik şəraitində yaşadığı, dövlətin
uğuruna güc qatdığı, Milli Məclis üzvlüyü daxil, bir sıra yüksək
vəzifələr tutduqları yaxşı məlumdur. Ermənistan tərəfi anlamalıdır
ki, Azərbaycan Respublikasının vətəndaşlığı hüquq ilə yanaşı bir
öhdəlikdir. Bunları qəbul edən erməni sakinlərin Azərbaycanda
yaşaması üçün lazımi şərait yaradılacaq.
Ermənistan tərəfi Azərbaycan ərazisində etnik azlıqları öz
uğursuz məkrli siyasətində istifadə etmək niyyətindən əl çəkməli,
indiki Ermənistan ərazisində öz doğma torpaqlarından zorla qovulmuş
yüz minlərlə Qərbi Azərbaycan İcmasının hüquqlarını tapdalamaq və
onlarla dialoqun hər vəchlə qarşısını almaq əvəzinə, bu icmanın
sülh yolu ilə, ləyaqətli və təhlükəsizlik şəraitində geri qayıdış
məqsədli Ermənistanla dialoq çağırışlarına cavab verməlidir.
Beləliklə, Ermənistanın “etnik uyğunsuzluq” konsepsiyasından və
“etnik təmizləmə əsasında monoetnik dövlət titulu”ndan əl çəkib,
dinc birgəyaşayışı, multikulturalizmi seçdiyinin praktiki
göstəricisi məhz Qərbi Azərbaycan İcmasının üzvlərinin öz tarixi
torpaqlarına qayıtmasına şərait yaratmaqdan keçə bilər.
30 illik işğal dövründə beynəlxalq qurumların işğala son qoymaq
çağırışlarına və qərarlarına məhəl qoymayan Ermənistan tərəfi
həmçinin 44 günlük müharibədən sonra başlatdığı beynəlxalq
qurumları özünün revanşist və ərazi bütövlüyünə zidd siyasətinə
alət etmək səylərinə son qoymalı, Azərbaycan Respublikasının
beynəlxalq qurumlarla əməkdaşlığı və əlaqələrinə müdaxilə
cəhdlərini dərhal dayandırmalıdır.
Azərbaycan, Ermənistanın bütün qanunsuz müdaxilə cəhdlərinə,
şantaj və təhdid səylərinə baxmayaraq, öz ərazilərinin işğalına son
qoyduqdan sonra həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq
işləri, məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli geri qayıdışını
təmin etmək istiqamətində beynəlxalq ictimaiyyət, o cümlədən
BMT-nin ixtisaslaşmış təşkilatları ilə əməkdaşlığını davam etdirir.
Ermənistan tərəfinə xatırladırıq ki, BMT-nin Qaçqınlar üzrə Ali
Komissarlığının nümayəndə heyəti 2021-ci ilin oktyabr ayında
işğaldan azad edilmiş ərazilərimiz, o cümlədən Suqovuşan
qəsəbəsində Ermənistanın törətdiyi genişmiqyaslı dağıntılar ilə
yerində tanış olub. Ermənistanın vandallıqlarından fərqli olaraq,
Azərbaycan apardığı bərpa və yenidənqurma işləri ilə sübut edir ki,
bölgənin sahibləri geri dönüb və bu ərazilərdə növbəti təcavüzə
cəhdlərin qarşısı alınacaq. Beynəlxalq təşkilatların Azərbaycan
Respublikası ərazisində fəaliyyəti də məhz Azərbaycanın
qanunvericiliyi çərçivəsində davam edəcək və Azərbaycanın daxili
işlərinə müdaxiləyə heç zaman imkan verilməyəcək.
Ermənistan XİN-in Üçtərəfli bəyanatın icrası ilə bağlı yalan və
saxta dolu iddialarına gəldikdə xatırlatmaq istərdik ki, bəyanatın
xüsusilə 4-cü, 6-cı və 9-cu bəndlərini yerinə yetirməkdən boyun
qaçıran və ümumiyyətlə heç zaman beynəlxalq razılıqlara əməl
etməyən Ermənistan tərəfi məhz Üçtərəfli bəyanatın imzalanmasından
iki həftə sonra hərbçilərini qanunsuz olaraq Azərbaycan ərazisinə
keçirib və Azərbaycana qarşı hərbi təxribat törədib. Bu saxlanılan
şəxslərin Ermənistan tərəfindən hərbi əsir kimi təqdim etməyə
çalışılmasına baxmayaraq, bu şəxslər hərbi əsir kimi tanınmamış və
Beynəlxalq Ədalət Məhkəməsi, eləcə də Avropa İnsan Hüquqları
Məhkəməsi bu iddianı və onların azad olunması tələbi rədd etmişdi.
Ermənistan tərəfi bununla yanaşı, Ermənistan qüvvələrinin Ağdam,
Kəlbəcər və Laçından çıxarılmasına Azərbaycan tərəfindən xoş məram
göstərilərək möhlət verilməsinə baxmayaraq, Üçtərəfli bəyanata zidd
olaraq çıxdığı ərazilərdə bir çox evləri yandırmış, meşələri
qırmış, bu ərazilərdə mina və mina tələlər yerləşdirmişdi.
Ermənistan tərəfi hələ də Üçtərəfli bəyanata zidd olaraq, öz
silahlı qüvvələrini suveren Azərbaycan ərazilərindən tam olaraq
çıxarmayıb, Üçtərəfli bəyanat imzalanarkən verdiyi vədə baxmayaraq,
Qazax rayonunun 7, Sədərək rayonunun 1 kəndi daxil olmaqla, bir
sıra yaşayış məntəqələri və əraziləri işğal altında saxlamaqda
davam edir. Delimitasiya prosesinin Sovet xəritələri əsasında
təşkilini təklif edən Ermənistanın bu kəndləri Azərbaycan yaşayış
məntəqələri kimi qəbul etməməsi isə digər bir pozuntu və
Ermənistanın niyyətinin saxta olduğunun göstəricisidir.
Ermənistan bununla yanaşı, Azərbaycan ərazilərinə yeni istehsal
edilmiş minalar ötürməklə, Azərbaycan ərazilərində minalanma və
digər terror fəaliyyəti həyata keçirir. Ermənistanın ilk əvvəl 8 ay
ərzində mina xəritələrinin mövcudluğunu inkar etməsinə baxmayaraq,
sonradan beynəlxalq təzyiqlər nəticəsində bəzi yararsız mina
xəritələri təqdim etdiyi məlumdur. Azərbaycan ərazisində baş verən
mina partlayışlarının 55%-dən çoxunun Ermənistan tərəfindən təhvil
verilən xəritələrdən kənar ərazilərdə baş verdiyi də bəllidir.
Ermənistanın məhz bu kimi təxribatları nəticəsində 2020-ci il Vətən
müharibəsindən sonra 286 nəfər mina qurbanı olub, onlardan 3 nəfər
jurnalist daxil 49 nəfər həlak olub. Ermənistanın eyni zamanda,
bütün səyləri ilə Üçtərəfli bəyanatı kobudcasına pozaraq,
Azərbaycanın qərb bölgələrindən Naxçıvana maneəsiz hərəkəti təmin
edəcək kommunikasiya xəttinin açılmasına mane olduğu bəllidir.
Sülhü təhdid edən bu addımlarından diqqəti yayındırmaq üçün
qondarma “etnik təmizləmə” və “soyqırımı” nağıllarına baş vuran
Ermənistanın beynəlxalq birliyi bu saxta iddialarına inandırmaq
üçün növbəti təxribatlar axtarışında olduğu aşkardır. Həmçinin
Ermənistanın azərbaycanlılara qarşı hansı qəddarlıqla kütləvi
qırğınlar törətdiyi, yalnız Xocalıda bir gecədə 613 nəfər dinc
sakini qətlə yetirdiyi və soyqırım aktları törətdiyi məlumdur.
Azərbaycana qarşı təcavüz siyasəti nəticəsində 4000-ə yaxın
azərbaycanlının itkin düşdüyü, Ermənistanın itkin düşmüş şəxslər
barədə məlumat verməkdən boyun qaçırdığı, işğaldan azad olunmuş
Azərbaycan ərazilərində bir sıra kütləvi məzarlıqlar aşkarlandığı
barədə faktların danılması mümkün deyil. Ermənistanın bu kimi
təcavüzkar siyasətinə baxmayaraq, Azərbaycan bir çox saxlanılan
şəxsləri azad edib, 2020-ci il müharibəsindən sonra müvafiq
axtarışlar apararaq 1700-dən artıq, 2022-ci il sentyabr ayında
Ermənistan təxribatı nəticəsində isə 200 nəfərə yaxın erməni cəsədi
Ermənistana təhvil verib. Görünür ki, Ermənistan tərəfi
Azərbaycanın bu humanitar məqsədli və birtərəfli əsasda xoş
niyyətlə gördüyü tədbirləri unudub.
Bir daha Ermənistan siyasi rəhbərliyini məsuliyyətli davranmağa,
regionda 44 günlük müharibədən sonra yaranmış sülh imkanlarına
xələl gətirən təxribat və bəyanatlardan, yalançı ritorikadan
çəkinməyə çağırırıq”, – deyə şərhdə bildirilir.