
Bakı metrosunda retro vaqonlar nümayiş etdirilib (FOTO)
Bakı. Trend:
Bakı metropoliteninin “İçərişəhər” stansiyasında Novruz
şənliklərinin ikinci günü retro vaqonların nümayişi ilə açılıb.
Bu barədə Trend-ə “Bakı Metropoliteni” QSC-ya istinadən xəbər
verir.
Qeyd edək ki, bu sərginin unikallığı nümayiş etdirilən qatar
tərkibinə daxil olan vaqonlardan birinin keçmiş SSRİ-nin “A” tipli
ilk metro vaqonu olmasıdır. 1934-cü ilin sonunda istehsal olunmuş
vaqon həmin dövrə xas görkəmi ilə seçilir. 1935-ci ildə Moskva
metropoliteni açılarkən, Sovet dövlətinin rəhbərlərinin iştirakı
ilə hərəkətə gələn ilk sərnişin qatarının tərkib hissəsi olması da
vaqonun daha bir özəlliyidir. 1950-ci illərin istehsalı “Q” tipli
metro vaqonu da Bakıda sərnişin daşımayıb. Bu iki vaqon 1960-cı
illərin sonunda yolların diaqnostikasını aparmaq üçün Bakı
metropoliteninə ayrılıb. 2015-ci ildə unikal layihə əsasında
diaqnostika kompleksi istifadəyə verildikdən sonra bu vaqonlar
xüsusi günlərdə nümayiş olunan muzey eksponatına çevrilib.
Stansiyada nümayiş olunan “E” tipli digər metro vaqonu isə
1959-cu ilin sonlarından başlayaraq istehsal olunub. Bakıda metro
açılanda “E” tipli 47 ədəd vaqon çatdırılıb. 1980-ci illərdən isə
xəttə buraxılmaq üçün yalnız 81-717/714 tipli vaqonlardan ibarət
qatarlar alınıb.
Vaqonlar mart ayının 22-si axşam saatlarına qədər nümayiş
olunacaq.
Gün ərzində 4 stansiyada (“İçərişəhər”, “Sahil”,“28 May” və
“Elmlər Akademiyası”) Azərbaycan və dünya musiqisindən nümunələr
əsasında hər biri 45 dəqiqə olmaqla konsert proqramları təşkil
edilib.
Bu tədbir zamanı tanınmış şən və hazırcavab, Əməkdar artist
Bəhram Bağırzadə uşaqlar üçün qələmə aldığı kitabları öz imzası ilə
azyaşlı sərnişinlərə təqdim edib.
Günün əsas proqramı Bahar qızının müşayiəti ilə Keçəl və Kosanın
səhnəcikləri olub. Onlar, eləcə də sirk ustaları və sehrbaz azyaşlı
sərnişinlərlə əyləncəli vaxt keçiriblər. Uşaqlara müxtəlif fiqurlu
şarlar hədiyyə edilib, nəhəng oyuncaqlar onların ovqatını daha da
yüksəldib.