
Ermənistan Azərbaycanın erməni sakinlərin reinteqrasiya məqsədli təmaslarına əngəl törətməyə son qoymalıdır – XİN
Bakı. Trend:
Ermənistan tərəfi şərt sürmək alışqanlığını unutmayaraq indi də
Azərbaycanın erməni sakinlərinin reinteqrasiyası fəaliyyətinə
müdaxilə edir. Ermənistan tərəfi Azərbaycan tərəfinin erməni
sakinlərlə dialoq aparmaq istiqamətində qərarlı fəaliyyətinə mane
olmaq məqsədilə erməni sakinlərinin nümayəndələrini növbəti
dialoqun Bakıda keçirilməsi təklifinə qarşı çıxmasına və prosesə
dair 3 şərt irəli sürülməsinə vadar edən təxribatlara yol
verir.
Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin
mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər
Nazirliyinin Azərbaycan əleyhinə 18 mart tarixli bəyanatına dair
şərhində bildirilib.
Qeyd edilib ki, Ermənistan tərəfinin bununla son iki ildə yeni
Laçın yolunun çəkilişi, Sərsəng su anbarı və bir sıra digər
istiqamətlərdə erməni sakinlərlə uğurlu dialoqu həzm etmədiyi
görünür. Ermənistan tərəfinin “reinteqrasiya” termininə düşmən
münasibətini gizlətməməsi və bu anlayışı dialoq və sülhə qarşı
çağırış kimi qələmə verməsi, onun əsassız ərazi iddialarını yeni
forma və yeni adlar altında davam etdirmək niyyətindən xəbər verir.
“Ermənistan tərəfi bölgədə sülhdə maraqlıdırsa, Azərbaycanın
mərkəzi hakimiyyət orqanlarının erməni sakinlərin reinteqrasiya
məqsədli təmaslarına müdaxilə etməyə, buna əngəl törətmək
cəhdlərinə son qoymalıdır”, – deyə A.Hacızadə vurğulayıb.