
FHN Novruz bayramı ilə əlaqədar təhlükəsizliyə dair əhaliyə yenidən müraciət edib
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə əlaqədar
təhlükəsizliyə dair əhaliyə müraciət edib.
Trend bu
barədə FHN-in saytına istinadən məlumat verir.
“Xalqımızın sevimli Novruz bayramı bir sıra özünəməxsus
mərasimlərlə, o cümlədən bayram tonqalları və açılan bayram
süfrələrində şamların yandırılması ilə xarakterizə olunur. Lakin
təəssüflə bildirməliyik ki, bəzən sadə yanğın təhlükəsizliyi
qaydalarına etinasızlıq sonda arzuolunmaz nəticələrə, ağır
fəsadlarla gətirib çıxarır.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir
daha əhaliyə müraciət edərək Novruz bayramı ilə əlaqədar təşkil
olunan mərasimlərdə zəruri yanğın təhlükəsizliyi qaydalarına ciddi
əməl olunmasını tövsiyə edir. Belə ki, bayram tonqalı ev,
avtomobil, elektrik naqili, ağac və digər yanar materiallardan
kənarda yandırılmalı, azyaşlılar mütləq böyüklərin nəzarətində
olmalı, tonqal üzərindən atılarkən ehtiyatlı olmalı, tonqal tam
sönənədək nəzarətdə saxlanılmalı və bayram süfrələrində yandırılan
şamlar nəzarətsiz qalmamalıdır. Həmçinin, nəzərə alınmalıdır ki,
küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli
hesab olunur.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!”, – deyə müraciətdə
bildirilir.