İcma: Qərbi Azərbaycan mövzusu Ermənistan hökumətinin etnik təmizləmə siyasəti nəticəsində gündəliyə gəlib

Bakı. Trend:

Qərbi Azərbaycan İcması Ermənistan Xarici İşlər Nazirliyinin
martın 18-də bəyanat verərək bu ölkədən qovulmuş azərbaycanlıların
geri qayıtmaq hüququna xələl gətirməyə növbəti dəfə cəhd etməsi ilə
bağlı bəyanat yayıb.

Trend icmanın saytına istinadla həmin bəyanatı təqdim edir:

“Əvvəla, vurğulamaq istərdik ki, sırf insan haqları məsələsi
olan Qərbi Azərbaycan mövzusu Ermənistan hökumətinin etnik
təmizləmə siyasəti və bu siyasətin nəticələrini aradan qaldırmaqdan
imtina etməsi nəticəsində gündəliyə gəlib. Bizim təşkilatımız
1989-cu ildə təsis edilib və o dövrdən bəri ardıcıl olaraq, geri
qayıtmaq hüququmuzun reallaşması uğrunda mübarizə aparırıq.

Ermənistanda monoetnik vəziyyətin olduğu hamılıqla bilinən
faktdır. Yaxın keçmişədək bu ərazidə azlıq təşkil etmiş ermənilər
indi orada əhalinin 99%-dən çoxunu təşkil edirlər. Bu vəziyyət
bədnam etnik təmizləmə nəticəsində meydana çıxıb. Ermənistanda
qalmış cüzi sayda etnik azlıqlara dekorativ məqsədlə, parlamentdə
kvota əsasında müəyyən sayda yer vermək, etnik təmizləmələri və
davam edən irqi-ayrı seçkiliyi ört-basdır etmək üçün uğursuz
cəhdlərdir.

Bir daha vurğulayırıq ki, biz Ermənistan adlanan ərazinin qanuni
sakinləriyik və evlərimizə geri qayıtmaq bizim mütləq və əzəli
hüququmuzdur. Ermənistan Azərbaycan ilə münasibətlərinin
xarakterindən asılı olmayaraq, öz ərazisindən qovduğu sakinlərinin
geri qayıtmasına qeyd-şərtsiz şərait yaratmalıdır.

Biz Ermənistan hökumətini öz ərazisində azərbaycanlıların
yaşamış olduğu məntəqələrdə həyata keçirdiyi qeyri-qanuni
məskunlaşma siyasətinə, mədəni irsimizin dağıdılmasına son verməyə
və bu qanunsuzluğu aradan qaldırmağa çağırırıq.

Biz bir daha Ermənistan hökumətini o ərazinin qanuni sakinləri
olan və oradan qovduğu azərbaycanlıların verifikasiya və zəmanət
mexanizmləri və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma
çərçivəsində öz evlərinə sülh yolu ilə, təhlükəsiz və ləyaqətli
şəkildə geri qayıtmasına şərait yaratmağa, bunun üçün etdiyimiz
dialoq müraciətinə cavab verməyə çağırırıq.

Nəhayət, bir daha vurğulamaq istərdik ki, öz evlərimizə sülh
yolu ilə geri qayıtmaq tələbimiz Ermənistanın ərazi bütövlüyü və ya
suverenliyinə xələl gətirə biləcək şəkildə yanlış təfsir edilə və
ya qələmə verilə bilməz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir