Kür çayına buraxılan suyun miqdarı artırılıb

Bakı. Trend:

İqlim dəyişikliyi və məhdud su resursları şəraitində Kür çayının
aşağı axarına digər çaylar üzrə daxilolmaların kritik səviyyədə
azalması hesabına su təchizatında müəyyən çətinliklər müşahidə
olunur. Bu çətinliklərin aradan qaldırılması məqsədilə
17.03.2023-cü il tarixindən etibarən Mingəçevir su anbarından Kür
çayına saniyədə 160 kubmetr, Yuxarı Qarabağ kanalına 80 kubmetr və
Yuxarı Şirvan kanalına 50 kubmetr su buraxılır.

Bu barədə Trend-ə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”
ASC-dən (“Azmelsutəsərrüfat”) bildirilib.

“Qeyd edilən su sərfləri mart ayı üçün xarakterik olmayan, yəni
yüksək səviyyədədir. Belə ki, ötən ilin müvafiq dövründə Mingəçevir
su anbarından Kür çayına saniyədə 90 kubmetr, Yuxarı Qarabağ
kanalına 70 kubmetr və Yuxarı Şirvan kanalına 45 kubmetr su
buraxılırdı.

Araz çayı üzrə su ehtiyatlarının kəskin şəkildə aşağı olması
səbəbindən bu mənbədən təmin edilən suvarma sahələrinin suya olan
tələbatının ödənilməsi məqsədilə Yuxarı Qarabağ kanalı vasitəsilə
Araz çayı hövzəsinə – Bəhrəmtəpə hidroqovşağına saniyədə 22,4
kubmetr su transferi həyata keçirilir”, – deyə ASC-dən
bildirilib.

Qeyd edilir ki, ölkə Prezidentinin müvafiq sərəncamı ilə
yaradılmış su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın
fəaliyyəti çərçivəsində son bir neçə il ərzində yaradılmış
ehtiyatlar hesabına Kür çayının aşağı axarında yaranmış
çətinliklərin cari ilin suvarma mövsümündə operativ qaydada tam
tənzimlənməsi nəzərdə tutulur.

“Ölkədə su ehtiyatları sahəsində gərgin şəraitin davam etdiyi
bir zamanda qeyd edilənlərlə yanaşı su istifadəçiləri də öz
öhdəliklərinə düşən, onlardan asılı olan məsələlərə məsuliyyətlə
yanaşmalı, sudan qənaətli istifadə üçün bir sıra zəruri tədbirlər
görməlidirlər.

Belə ki, torpaqda aqrotexniki tədbirlər, hamarlama işləri,
şırımların normalara uyğun açılması, digər tərəfdən selləmə
suvarmasından imtina edərək suya qənaət edən suvarma üsullarından,
habelə gecə suvarmasından istifadə edilməsi, məhdud su
ehtiyatlarının ədalətli, optimal və proporsional bölgüsü prinsipinə
əsaslanan suvarma qrafiklərinə və sudan istifadə limitlərinə riayət
edilməsi zəruridir”, – deyə ASC-dən əlavə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir