Müdafiə naziri Novruz bayramı münasibətilə hərbi hospitalı ziyarət edib (FOTO)

Bakı. Trend:

Martın 19-da Azərbaycan Respublikasının müdafiə naziri
general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti
Novruz bayramı münasibətilə Müdafiə Nazirliyinin Baş Klinik
Hospitalını ziyarət edib.

Trend Müdaifə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə
hospitalın həyətində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin
abidəsi önünə gül dəstəsi qoyulub. Ulu Öndərin və Azərbaycanın
suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

General-polkovnik Z.Həsənov martın 5-də Xankəndi-Xəlfəli-Turşsu
torpaq yolunda qeyri-qanuni erməni birləşmələrinin törətdikləri
təxribat nəticəsində yaralanan, eləcə də hospitalda müalicə olunan
digər hərbi qulluqçularla görüşərək onların səhhəti və
reabilitasiya prosesi ilə maraqlanıb, ən qısa müddətdə
sağlamlıqlarını bərpa edərək xidmət yerlərinə qayıtmalarını
arzulayıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı cənab İlham Əliyevin Novruz bayramı təbriklərini
hərbi qulluqçulara və tibb personalına çatdıran Müdafiə naziri
onlara bayram sovqatları təqdim edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
həyata keçirdiyi uğurlu siyasət və Birinci vitse-prezident Mehriban
xanım Əliyevanın fəaliyyəti sayəsində bütün istiqamətlərdə
qazanılan uğurlardan danışan Nazir, hərbi tibb sahəsində əldə
edilən nailiyyətləri xüsusi qeyd edib.

Müdafiə naziri Türkiyədə baş vermiş zəlzələdə xəsarət alanlara
tibbi yardım göstərilməsi məqsədilə Ali Baş Komandanın göstərişinə
əsasən qardaş ölkəyə ezam olunan hərbi tibb personalı və hospitalın
digər əməkdaşları ilə də görüşüb, yüksək peşəkarlıq nümayiş
etdirdiklərinə görə onlara təşəkkürünü bildirib.

Hospitalın kollektivi və müalicə olunan hərbi qulluqçular burada
yaradılan şəraitə, eləcə də hərtərəfli qayğı ilə əhatə
olunduqlarına görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə,
Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Müdafiə
Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

General-polkovnik Z.Həsənov tibb işçilərini bayram münasibətilə
təbrik edib, müayinə və müalicə olunan hərbi qulluqçulara
göstərilən xidmətin daha keyfiyyətli təşkili və təkmilləşdirilməsi
ilə bağlı əlavə tapşırıqlar verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir