
Novruz bayramını Qarabağda qeyd etmək böyük qürur və şərəfdir – Kamaləddin Qafarov
Bakı. Trend:
Bu il Azərbaycan xalqı Novruzu “Heydər Əliyev İlin”də, Ulu
öndərin anadan olmasının 100-cü ildönümü ərəfəsində qarşılayacaq.
Novruz bayramının məişətimizə qaytarılması 1969-cu ildə
respublikamızın rəhbəri seçilən Heydər Əliyevin öz xalqına, onun
qədim, zəngin tarixinə, mədəniyyətinə, milli adət və ənənələrinə
tükənməz sevgisinin daha bir əyani nümayişi idi. Azərbaycan özünün
dövlət müstəqilliyini bərpa etdikdən sonra, 1993-cü ildə Ulu
öndərin yenidən hakimiyyətə qayıdışı ilə Novruz bayramı ölkəmizdə
artıq milli dövlət bayramı kimi daha böyük təntənə ilə qeyd
olunmağa başladı. Ümummilli lider 1998-ci ildə çıxışlarının birində
demişdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o
biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə,
Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik.” Bu tarixi çıxışdan
22 il sonra Ölkə Prezidenti cənab İlham Əliyev Ulu Öndərin bu
vəsiyyətini də yerinə yetirdi. Rəşadətli Azərbaycan ordusu Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini
tarixi Qələbə ilə başa vuraraq mənfur erməni qəsbkarlarının
torpaqlarımızdan qovdu, 30 il işğal altında olan ərazilərimizi azad
etdi və Azərbaycan xalqı bundan sonra əsrlər boyunca həmin yerlərdə
Novruz bayramını qeyd edəcək.”
Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı
Kamaləddin Qafarov deyib.
Deputat Novruzun fəlsəfi əsaslarından bəhs edərək bildirib ki,
bu bayram həyatın və yeniliyin ən mükəmməl rəmzidir: “Novruz
sözünün mənası yeni gün deməkdir. Azərbaycanlılar Novruzdan əvvəl 4
çərşənbənin – su, od, yel və torpaq çərşənbəsini də bayram kimi
qeyd edirlər. Ümummilli lider Heydər Əliyevin bəşəri ideyalarının
layiqli davamçısı olan Ölkə Prezidenti İlham Əliyev hər il
Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir. Novruz
müasir həyatımıza sirayət edərək siyasətdə də bayramlaşma
təcrübəsinə səbəb olmuşdur. Novruz bayramı münasibətilə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev ilə ölkəmizdə fəaliyyət
göstərən siyasi partiyalarının rəhbərləri arasında qarşılıqlı
bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkülünün
göstəricisidir.”
K.Qafarov daha sonra deyib: “2004-cü ildən başlayaraq
Azərbaycanın mədəni irs nümunələrinin UNESCO-nun Ümumdünya İrs,
Qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilməsi,
qoruma altına alınması Mehriban xanım Əliyevanın bu işə həssas
münasibətinin parlaq ifadəsidir. 2009-cu ildə Birləşmiş Ərəb
Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi
Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası
çərçivəsində qəbul edilmiş qərara əsasən, Azərbaycan, Hindistan,
İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan və başqa ölkələrin
xalqlarının xüsusi təntənə ilə qeyd etdikləri Novruz çoxmillətli
nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin reprezentativ
siyahısına salınıb. 23 fevral 2010-cu ildə isə BMT Baş
Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i
“Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr – 2 dekabr 2016-cı
il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş
UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin
11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və
Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub. Fürsətdən
istifadə edib mən də bütün soydaşlarımızın Novruz bayramını
səmim-qəlbdən təbrik edirəm”