“PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır (FOTO)

Bakı. Trend:

Daha öncə də bildirildiyi kimi, “PAŞA Holding” 44 günlük Vətən
Müharibəsində şəhid olan qəhrəmanlarımızın 18 yaşadək övladları
üçün sosial dəstək proqramına start verib. “PAŞA Holding” və Bravo
supermarketlər şəbəkəsi proqram çərçivəsində şəhid övladlarına Yeni
il, Novruz, Qurban, Ramazan bayramları və Zəfər günü münasibətilə
bayram sovqatlarının təqdim edilməsini nəzərdə tutub.

Bravo supermarketlər şəbəkəsi 15 mart tarixindən etibarən
“Regional İnkişaf” İctimai Birliyinin könüllülərinin dəstəyi ilə
sözügedən şəhid ailələrinə Novruz Bayramı ilə əlaqədar sovqatlar
çatdırır. Bayram sovqatlarına müxtəlif ərzaq məhsulları daxildir.
Layihə 44 günlük Vətən Müharibəsində, zəfərdən sonra və sentyabr
təxribatları zamanı şəhidlik zirvəsinə ucalan və 18 yaşadək
övladları olan ümümilikdə 800-dən çox ailəni əhatə edir.

Xatırladaq ki, cari proqrama təhsil və səhiyyə sahələri də
daxildir. Belə ki, “PAŞA Holding” və onun törəmə şirkətləri
tərəfindən 44 günlük Vətən Müharibəsində şəhid olan
qəhrəmanlarımızın 18 yaşadək övladları üçün həyata keçirilən
proqram çərçivəsində sözügedən uşaqlar genişləndirilmiş sığorta
paketi ilə də təmin olunublar. Sözügedən ailələrin övladları
paketdən stomotoloji, eləcə də xroniki xəstəliklərin müayinə və
müalicəsində istifadə edə bilərlər. Bununla yanaşı, proqram
çərçivəsində şəhid övladlarımıza yeni dərs ilində məktəbli
ləvazimatlarının təqdim edilməsi də nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir