Suqovuşan su anbarı boyunca turizm obyektləri tikilir (FOTO)

Bakı. Trend:

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev,
Birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Suqovuşan su
anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri, su
anbarı boyunca yaradılan turizm infrastruktur obyektlərinin
tikintisi ilə tanış olublar.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş
ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin
başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Birinci Dövlət Proqramı çərçivəsində əsas
infrastruktur obyektlərinin təmir-bərpa və yenidənqurma layihələri
çərçivəsində Suqovuşan su anbarının və ondan çıxan magistral su
kanalının əsaslı təmirinə başlanılıb. Hazırda su anbarının
divarlarına beton örtüyün vurulması, oradakı bütün avadanlıqların
əsaslı təmiri həyata keçirilir, magistral kanalda zəruri işlər
görülür. Eyni zamanda, Suqovuşan su anbarı boyunca ilkin turizm
infrastruktur obyektlərinin yaradılmasına başlanılıb. Burada Turizm
İnformasiya Bürosu inşa olunur, sahilboyu park salınır,
avtodayanacaq tikilir.

Qeyd edildi ki, Qarabağ iqtisadi rayonunda “Xaçınçay”,
“Köndələnçay-1”, “Köndələnçay-2”, “Köndələnçay-3” su anbarlarında
paralel olaraq aparılan bərpa, əsaslı təmir və yenidənqurma
işlərinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir