Xankəndində xof, qorxu və ümidsizlik: separatçıların son ümidləri tükənir

Bakı. Trend:

Azərbaycanın Qarabağ iqtisadi zonasının şimalında, hazırda
Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti operativ
nəzarətində olan ermənilər artıq nə Ermənistana, nə Rusiyaya, nə də
Qərbə güvənmirlər. Onlar artıq heç özlərinin separatçı
perspektivlərinə də inanmırlar.

Əvvəlki illərdən fərqli olaraq, “qarabağlı ermənilər” adlanan,
Azərbaycan ərazisində məskunlaşmış toplum artıq son ümidlərini də
itirməkdədir.

Onların sadəcə, 18,6 faizi gələcəklərini Ermənistana birləşmiş
halda görürlər. Yəni hər 5 qarabağlı ermənidən sadəcə, bir nəfəri
Ermənistan vətəndaşı olacağına ümid edir.

Ermənistandakı “Highgate Consultancy” sosioloji şirkətinin
apardığı sorğunun nəticələri belədir.

Sorğu 2002-ci ilin dekabrında və bu ilin yanvarında, rusiyalı
sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdəki ermənilər
arasında iki mərhələdə keçirilib.

Rəyi soruşulanların 20,9 faizi gələcəklərini Rusiya
Federasiyasına birləşmiş halda görürlər.

“Müstəqillik” ümidi ilə yaşayanların sayı isə respondentlər
arasında 58,8 faiz təşkil edib.

Erməni analitiklərin dediklərinə görə, sorğunun nəticələri
Ermənistan və qarabağlı ermənilər üçün çox bədbin perspektivlərin
yaşanacağına dəlalət edən nüanslar sayıla bilər.

Belə ki, “Əgər müstəqillik əldə edə bilməsəniz, çıxış yolunu
nədə görürsünüz?” sualına respondentlərin 43,2 faizi “Ermənistana
birləşməkdə”, 50,4 faizi isə “Rusiya Federasiyasının tərkibində”
cavabını veriblər.

Rəyi soruşulanların 6,4 faizi isə “başqa yollar aramalıyıq”
deyiblər.

Rusiya Sülhməramlı Kontingentinə (RSK) münasibətə gəldikdə isə,
qarabağlı ermənilərin 89,9 faizi təhlükəsizliklərinin rusiyalı
sülhməramlılar tərəfindən təmin olunduğunu hesab edir. 23,7 faizin
fikrincə, qarabağlı ermənilər mütləq şəkildə Qərbin dəstəyinə nail
olmalıdır. Sorğuya qatılanların 89,9 faizi isə əmindir ki, onlar
özləri nə isə etməsələr, kimsə ermənilərə yardım edən deyil.

Sorğunun İrəvandakı hakimiyyətin birbaşa siyasi sifariş olduğunu
müəyyənləşdirmək Nyuton binomunu çözmək deyil: baş nazir Nikol
Paşinyan iqtidarı qarabağlı erməniləri xarici siyasətində maneə,
daxili siyasətində isə əlavə və gərəksiz yük hesab edir.

Rəsmi İrəvan nəzarətində olan media, sosial şəbəkə profilləri,
siyasətçilər və ictimai xadimlər vasitəsilə qarabağlı ermənilərə,
Ermənistan vətəndaşlarına və xüsusilə də xarici ölkələrdəki erməni
diasporuna çatdırmaq istəyir ki, “Qarabağ problemi” artıq
yoxdur.

İrəvan əmindir ki, qarabağlı ermənilərin “müstəqillik və
suverenlik” tələbləri əvvəllər beynəlxalq hüquqa zidd absurd idisə,
indisə artıq tragikomediya təsiri bağışlayır.

Xankəndindəki separatçı rejim də artıq “status”la bağlı
iddiaların perspektivsiz olduğunu dərk etməyə başlayıb.

Belə ki, əgər qarabağlı ermənilərin separatizmə başladıqları
ilkin dövrlərdə Ermənisana birləşmək (“Miasum”) idefiksini həmin
şəxslərin istisnasız olaraq hamısı dəstəkləyirdisə, 1994-cü ildən
etibarən belə ermənilərin sayı azaldı və təqribən 50 faizə
endi.

Əvəzində illüzor “müstəqillik və suverenlik” tərəfdarlarının
sayı dəfələrlə artdı.

İkinci Qarabağ Müharibəsi ərəfəsində qarabağlı ermənilərin total
çoxluğu sadəcə, əmin idilər ki, onlar “müstəqil və suveren”dir:
dünya birliyinin “laqeyd”liyinə gəldikdə isə, ermənilər hesab
edirdilər ki, status-kvo vəziyyəti nə qədər çox davam edərsə,
onların “Azərbaycandan ayrılma şansları” bir o qədər artır.

Münaqişənin dinc danışıqlar vasitəsilə ilə nizamlanması üçün
yaradılmış ATƏT-in Minsk Qrupu da faktiki olaraq erməniləri
dəstəkləyir, öz fəaliyyətsizliyi və “gərgin iş” görüntüsü ilə
separatizmin dayaqlarını möhkəmləndirirdi.

Lakin müharibə başlandı, 44 gün ərzində bitdi və Azərbaycan
Ermənistanı tam kapitulyasiyaya vadar etdi.

2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya Federasiyası və
Ermənistan arasında imzalanmış üçtərəfli bəyanat isə qarabağlı
ermənilərin “suverenlik” arzularını puç etdi.

İndi qarabağlı ermənilər rusiyalı sülhməramlıların müvəqqəti
nəzarətindəki areallarda yaşayırlar.

Onlar nəyəsə və kimlərəsə ümid edir, problemlərinin həllində ilk
əvvəl Rusiyaya, sonra da kollektiv Qərbə, daha konkret olsaq, ABŞ
və Fransaya bel bağlayırlar.

Lakin reallıq budur ki, ABŞ və Rusiya bölgədə genişmiqyaslı
sülhün və dayanıqlı stabilliyin bərqərar olmasında maraqlıdır.
Vaşinqtonla Moskvanın regionla bağlı siyasi, iqtisadi, hərbi,
geosiyasi və s. mənafelər məcmusunda qarabağlı ermənilərin bundan
sonra da hansısa siyasi müqavimət konteksti yoxdur.

Tam əksinə, iki güc problemin mümkün qədər sürətli və dayanıqlı
həllində maraqlıdır.

Fransaya gəldikdə isə, bu ölkənin dövlət başçısı Emmanuel
Makronun Cənubi Qafqazda ciddi təsir rıçaqlarına yiyələnmək,
sülhməramlı və sülhyaradıcı elementlərə malik olmaq, ən nəhayət
“vasitəçi” roluna sahiblənmək istəkləri uğursuzluğa düçar olmuş
primitiv diplomatik gedişlərdən savayı heç nə deyil.

Xankəndindəki separatçı rejimin yerli auditoriya üçün
hesablanmış “Rusiyaya birləşmək perpsektiv”ləri barədə bəyanatları
isə ümumiyyətlə, şərh olunmağa belə, dəyməz. Rəsmi Moskva heç bir
halda separatçıların arzularının reallaşdırmaq fikrinə düşərək
onsuz da çox ağırlaşan beynəlxalq təzyiqləri dəvələrlə artıraraq
yeni geosiyasi böhranın yaranmasına imkan verməyəcək.

Qarabağlı ermənilərin seçim imkanları tükənib və onların önündə
iki yol var.

İlk yol Azərbaycan vətəndaşları kimi ölkəmizin daxili həyatına
inteqrasiya, hüquqlarının və haqlarının Konstitusiya ilə mövcud
qanunvericilik çərçivəsində tənzimlənməsi ilə bağlı
danışıqlardır.

İkinci yol isə İrəvana doğru aparır.

Birləşməyə yox – Xankəndindən Gorusa hərəkət edəcək yük
maşınlarının kuzovunda duraraq, bir əllə unitazı, digər əllə isə
yıxılmamaq üçün yük yerinin taxtasını tutaraq durmağa.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir