
Yaşıl hidrogen mövzusunda seminar keçirilib
Bakı. Trend:
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri
Dövlət Agentliyinin (AREA) təşkilatçılığı, Yaponiya Beynəlxalq
Əməkdaşlıq Təşkilatının (JICA) dəstəyi ilə “Yaşıl hidrogen –
dekarbonizasiyaya aparan yol” adlı seminar keçirilib.
Trend xəbər verir ki, yaşıl enerji layihələrinin inkişafına
töhfə verə biləcək dövlət qurumları, tədqiqatçılar, investorlar və
digər maraqlı tərəflərin bir araya gəldiyi tədbirdə Azərbaycan üçün
enerji keçidi ssenariləri, daxili istifadə və ixrac üçün yaşıl
hidrogen istehsalı potensialı, o cümlədən müvafiq sahədə
investisiya mühiti kimi məsələlər müzakirə edilib.
Hibrid formatda təşkil olunmuş seminarda salamlama nitqi ilə
çıxış edən AREA-nın direktoru Cavid Abdullayev bildirib ki,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
2021-ci ildə imzalanmış sərəncama əsasən təmiz ətraf mühitə malik
yaşıl artım ölkəsinə çevrilmək Azərbaycanda milli prioritet kimi
qəbul edilib. Qeyd edilib ki, yaşıl enerji ilə bağlı siyasi iradə,
böyük bərpa olunan enerji potensialı və etibarlı tərəfdaşlıq mühiti
imkan verir ki, ölkəmiz bərpa olunan enerji, o cümlədən yaşıl
hidrogenin təchizatçısına çevrilsin.
Tədbir AREA-nın direktoru Cavid Abdullayev və JICA-nın
nümayəndəsi İşi Xozuminin çıxışlarından sonra 4 sessiya ilə davam
edib.
“Hidrogen – təmiz enerji keçidini təmin edən element kimi”
adlandırılan birinci sessiyada Ekologiya və Təbii Sərvətlər,
İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin və
AREA-nın nümayəndələrinin çıxışları dinlənilib.
Yaşıl hidrogenin Azərbaycanda istehsalı və tətbiqi məsələlərinə
həsr olunmuş ikinci sessiyada Azərbaycan Dövlət Neft Şirkəti, bp,
Masdar, ACWA Power, Fortescue və Siemens Energy şirkətlərinin
nümayəndələri çıxış ediblər. Çıxışlarda ölkəmizdə yaşıl enerji
istiqamətində görülən işlər və planlaşdırılan layihələr, həmçinin
yaşıl hidrogen istehsalına dair perspektivlər barədə danışılıb.
Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi, Ətraf
Mühit Nazirliyi, Birgə Kreditləşmə üzrə Fond və “Mitsui & Co”
şirkətinin nümayəndələri “Davamlı həllər: tədqiqatdan tətbiqetməyə”
başlıqlı üçüncü sessiyada aşağı karbonlu layihələrin birgə
kreditləşməsi mexanizmləri imkanları, maliyyə dəstəyi və digər
məsələlər barədə məlumat veriblər. Eyni sessiyada AREA-nın
nümayəndəsi ölkəmizin enerji icmalı, Elm və Təhsil Nazirliyinin
Neft və Qaz İnstitutunun nümayəndəsi isə institutun dekarbonizasiya
layihələri barədə iştirakçıları məlumatlandırıb.
İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Texniki
Universitetinin nümayəndələrinin çıxış etdiyi sonuncu – “Yaşıl
investisiya sxemləri: seçimlər və problemlər” adlı sessiyada
Azərbaycanda bərpa olunan enerjidən istifadənin inkişafı
istiqamətində maliyyələşmə məsələləri müzakirə edilib.
Seminarda həmçinin Energetika Nazirliyi, nazirliyinin
tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA), Kiçik
və Orta Biznesin İnkişafı Agentliyi, Yaponiyanın Azərbaycandakı
Səfirliyi, Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri
İnstitutu, Azərbaycan Neft Təsərrüfatı Jurnalı, ITOCHU, JGC, TEPSCO
şirkətlərinin nümayəndələri də iştirak ediblər.